"İspaniyanın Azərbaycanda separatizmə dəstək verməsi anlaşılan deyil"
“30 il ərzində Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalına göz yuman, necə deyərlər kor, kar və lal olan bəzi ölkələr bu gün Azərbaycana qarşı haqsız və həyasız davranışlarından əl çəkmirlər. Özü də maraqlıdır ki, Ermənistanın işğalçılıq siyasətini və Qarabağdakı erməni separatizmini dəstəkləyən həmin ölkələrin böyük qismi öz daxillərində oxşar problemlərə tamamilə fərqli yanaşırlar”.
Bunu açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.
Deputat qeyd edib ki, Fransa kimi, İspaniyanı da bu sıraya aid etmək olar: “Bəlli olduğu kimi, İspaniyanın Rusiyadakı səfirliyi X (Tvitter) hesabında Qarabağdakı erməni separatçılarına yardım göstərildiyini açıqlayıb və bu zaman Qarabağ separatçılarının qondarma “bayrağından” da istifadə edib. Özü separatizmdən əziyyət çəkən İspaniyanın Azərbaycanda separatizmə dəstək verməsi anlaşılan deyil. Cəmi 6 il əvvəl – 2017-ci ildə Kataloniyanın müstəqilliyinə dair referendumda 2 milyondan çox insan (90,81%-i) müstəqilliyə səs vermişdi. Bunun ardından Kataloniya parlamenti bölgənin müstəqilliyini elan etmişdi. Təbii ki, İspaniya hakimiyyətinin, o cümlədən diplomatların və siyasətçilərin buna reaksiyası sərt olmuşdu. Amma nədənsə eynitərkibli, lakin başqa regionda olan separatizm əməllərinə yanaşmada İspaniya fərqli mövqe sərgiləyir. Halbuki o zaman Azərbaycan XİN bəyan etmişdi ki, rəsmi Bakı İspaniya Krallığının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinə hörmət edir. Amma bu gün İspaniyanın Rusiyadakı səfirliyi beynəlxalq hüququn prinsiplərini kobudcasına pozaraq Qarabağ separatçılarına açıq dəstək nümayiş etdirir. İspaniya təmsilçiləri daha ehtiyatlı davransalar yaxşı olar. Çünki bu yanaşmalar bumeranq effekti verə bilər. Məsələ burasındadır kİ, İspaniyada separatizm yalnız Basklar ölkəsi və Kataloniya ilə məhdudlaşmır. Ölkənin şimal-qərbindəki Qallisiyada, Valensiyada, Navarrada və daha bir neçə bölgədə geniş muxtariyyət və müstəqillik tələb edən qüvvələr var. Elə isə əgər bu gün İspaniya başqa ölkədə separatizmə dəstək verirsə, öz ərazisində də separatizm dalğasının güclənə biləcəyini unutmamalıdır”
APA