Cəmiyyət 12 May 2022, 14:41 | Baxış sayı: 178
"İsa Qəmbərə 180 manat pensiya təyin edilməsi ilə bağlı siyasi motivlər müzakirə mövzusu deyil".

“Dövlət təqaüdə çıxan, eləcə də sabiq prezidentlərə diqqətlə yanaşır. Diqqət edin, bir neçə il əvvəl Azərbaycanın eks-prezidenti Əbülfəz Elçibəyin evi Heydər Əliyev Fondu tərəfindən əsaslı təmir edilib. Sabiq Prezidentin ailəsinə olan münasibət, evinin təmiri və övladlarının təminatı Azərbaycan Respublikasının qanunları ilə tənzimlənir. Yəni, İsa Qəmbərə 180 manat pensiya təyin edilməsi ilə bağlı siyasi motivlər müzakirə mövzusu deyil. Sadəcə olaraq, mövcud qanunvericiliyə əsasən, minimum pensiya almaq üçün 2 şərtdən biri mütləq ödənməlidir. Pensiya alacaq şəxs ya 25 illik staja, ya da minimum pensiya kapitalına malik olmalıdır”.

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Deputat qeyd edib ki, dövlət lazım gələrsə, ən kəskin müxalif mövqe sərgiləyən şəxslərə qarşı da diqqət və qayğısını əsirgəmir: “Radikal müxalifət nümayəndələri belə, xəstələndikləri zaman və ya digər həyati əhəmiyyətli problemlə üzləşdikdə dövlətin, eləcə də Heydər Əliyev Fondunun onlara operativ münasibət göstərməsi, müsbət mənada müdaxiləsi inkar edilə bilməz. Sadəcə olaraq, şərtlərdən heç birini ödəməyən vətəndaşlara yaşa görə sosial müavinət təyin edilir ki, həmin müavinətin məbləği də 180 manatdır. Belə məsələlərdə, birmənalı olaraq, siyasi məqsəd güdülə bilməz, hər şey hüquqla tənzimlənir”.

Xəbərlər