"İrəvana, Zəngəzura qayıdışımızla bağlı çox ciddi iş aparılır"
"Bildiyiniz kimi, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının, eyni zamanda BMT-nin EKOSOC təşkilatının rəsmi sənədi kimi Qərbi Azərbaycan icmamızın uzun illərdir azərbaycanlılarımızın Vətən torpaqlarına həsrətlə gözlənilən qayıdışının həyata keçirilməsini təmin etmək məqsədilə uğurlu fəaliyyət göstərən Qərbi Azərbaycan icmamızın Qayıdış Konsepsiyası beynəlxalq təşkilatın, ən ali təşkilatın rəsmi sənədi kimi artıq yayılmışdır. Şübhəsiz ki, bu özü-özlüyündə Qərbi Azərbaycan kəlməsinin artıq yanvar ayından etibarən BMT- nin rəsmi sənədlərində öz yerini tapması, Qərbi Azərbaycan terminologiyasının artıq beynəlxalq münasibətlər sistemində və diplomatiya prosesində bir faktor olduğunu gözlər önünə sərməkdədir".
Bu fikirləri Demokrat.az-a açıqlamasında Qərbi Azərbaycan İcmasının sədr müavini, millət vəkili Ramil Həsən deyib.
Deputat bildirib ki, bu, Qərbi Azərbaycan İcmasının bütün prosesi hərtərəfli dəstəyi, təşkilatın bütün müraciətlərinin beynəlxalq sənədlər kimi yayılmasında öz töhfəsini, beynəlxalq hüquq norma və prinsipləri çərçivəsində əsirgəməyən Azərbaycan hökumətinin, Azərbaycan dövlətinin müvafiq orqanlarının və müraciətimiz əsasında bizə hərtərəfli köməklik göstərən Azərbaycanın Xarici İşlər Nazirliyinin də uğurlu fəaliyyətinin mükəmməl nəticəsi kimi ortaya qoymaq lazımdır:
"Əlbəttə ki, Qərbi Azərbaycan İcması Qayıdış Konsepsiyasında göstərdiyi kimi, ləyaqətli, təhlükəsiz və əmin-aman şəraitdə, eyni zamanda, şübhəsiz ki, inteqrasiya prosesinə də başlamaqla bağlı qəti iradəsini ortaya qoyaraq indiki Ermənistan torpaqlarına, tarixi Azərbaycan torpağı olan indiki Ermənistan Qərbi Azərbaycan torpaqlarına qayıdışla bağlı öz mövqeyini ortaya qoymuşdur.
Şübhəsiz ki, bunun özü-özlüyündə Qərbi azərbaycanlıların, yəni bizlərin vətən torpaqlarımıza qayıdarkən bugünkü Ermənistanın Birləşmiş Millətlər Təşkilatı tərəfindən tanınan sərhədlərinin qəbul etdiyimizi göstərir. Həmçinin, indiki Ermənistana hər hansı bir təhdid, yaxud da ki, təzyiq üsulu kimi istifadə ilə bağlı mövqeyimizin və məqsədimizin olmadığını, hər bir qaçqının öz yurduna, yuvasına geri qayıtmaqla bağlı Birləşmiş Millətlər Təşkilatının və onun qaçqınlar Ali Komissarlığını təsbit etmiş olduğu bütün müddəalarda olan hüquqlara sahib olduğumuzu da ortaya qoymaqdadır".
Deputatın sözlərinə görə, bu baxımdan Qərbi Azərbaycan İcmasının Qayıdış Konsepsiyasının BMT-nin rəsmi sənədi kimi yayılması artıq bizim bir icma olaraq dünyada beynəlxalq münasibətlər sistemində irəliyə doğru yeni bir addım atdığımızı və Azərbaycanlılarıın öz dədə-baba torpaqlarına, yəni indiki Ermənistana qayıdışı ilə bağlı İrəvan hökuməti qarşısında məsələ qaldırmış olduq:
"Artıq bu günə qədər sizə də məlum olduğu kimi, həm Ermənistan baş nazirinə, həm mədəni irsimizin dağıdılması, yenidən bərpa edilməsi ilə bağlı ortaya qoymuş olduğumuz tələblərimizin UNESCO- ya ünvanlanmasıdır. Yəni, Ermənistan baş naziri ilə təcili surətdə danışıqlar masasında oturmağımızla bağlı mövqeyimizi ortaya qoyan müraciətimizdir. Tələblərimizin Avropa İttifaqı Şurası, Avropa Birliyi Şurasının rəhbəri Şarl Mişellə və digər beynəlxalq təşkilatlara, ünvanlamış olduğumuz sənədlərin BMT-nin ali orqanı tərəfindən Qayıdış Konsepsiyamızla bağlı yayılan sənədin ortaya çıxması ilə yeni bir səhifəyə keçəcəyinə də inamımızı ifadə etməkdəyik.
Əminik ki, yaxın gələcəkdə biz bütün beynəlxalq hüquq norma və prinsipləri çərçivəsində ləyaqətli, təhlükəsiz şəkildə təhlükəsizliyimiz təmin olunaraq, öz dədə-baba torpaqlarımız olan İrəvana, Zəngəzura qayıdacağıq. Bununla bağlı lazım olan prosedurların canlı şahidləri olacağıq.
Şübhəsiz ki, bu istiqamətdə çox ciddi və zəhmətli iş aparılır. Əminəm ki, həyata keçirilən bu iş öz bəhrəsini verəcək və biz tarixi torpaqlarımıza qayıdışın canlı şahidləri olaraq tarixə keçəcəyik".