Siyasət 16 Fevral 2023, 14:46 | Baxış sayı: 292
“Qərbi azərbaycanlıların və dünya azərbaycanlılarının üzərinə böyük məsuliyyət düşür”

“Prezident İlham Əliyevin 2022-ci il dekabrın 24-də, Qərbi Azərbaycan İcmasının inzibati binasının açılış mərasimində ifadə etdiyi fikirlər bütün qərbi azərbaycanlıların və eləcə də dünya azərbaycanlılarının ümdə vəzifəsi, məqsəd və məramı, yol xəritəsi olmalıdır. Azərbaycan xalqı Vətən müharibəsində “dəmir yumruq” kimi birləşdi. Bu günlərdə dəhşətli zəlzələnin qardaş Türkiyədə törətdiyi fəsadlara qarşı yenə həmrəyik, başda prezident İlham Əliyev olmaqla bir nəfər kimi hər birimiz qardaş Türkiyəyə dəstək oluruq. Qərbi Azərbaycana qayıdış elə bir tarixi missiyadır ki, bu məsələdə də bütün dünya azərbaycanlıları, harada yaşamasından asılı olmayaraq, hər kəs birlik nümayiş etdirməli, həmrəy olmalıdır”.

Bu sözləri Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcmasının sədr müavini Ramil Həsən deyib. Qərbi Azərbaycandan olan deputat qeyd edib ki, beynəlxalq hüququn bütün üstünlüklərindən, haqq və hüquqlardan istifadə edərək, geri qayıdışımızın təhlükəsiz və hüquqi təminatını həyata keçirə bilərik:

“Ortaya maraqlı sual qoymaq lazımdır. Əgər indiki Ermənistan ərazisində ermənilərin və onların havadarlarının törətmiş olduğu vəhşiliklər olmasa idi, “Gülüstan” və “Türkmənçay” müqavilələri ilə bütöv Azərbaycan darmadağın edilməsə idi, Naxçıvanda, Azərbaycanın bir çox bölgələrində, Türkiyədə, Avropanın və dünyanın digər ölkələrində məskunlaşmaq məcburiyyətində qalan, əslən qərbi Azərbaycandan gəlmiş insanların indiki yaşayışı necə olardı? Bu sual açıq-aydın düşünülmüş, ciddi formada həyata keçirilmiş deportasiyanın, indiki Ermənistanın yerli əhalisi olan qərbi azərbaycanlıların yurd-yuvalarından qovulmasının, Göyçə, Zəngəzur, Vedibasar, İrəvan mahalı və bir çox ərazilərdən didərgin salınmasının, ümumilikdə 200 il ərzində həyata keçirilən deportasiya siyasətinin sübutudur. 1800-cu illərdə belə siyahıya almada əhalisinin əksəriyyəti azərbaycanlılar olaraq göstərilən İrəvan quberniyasından tutmuş, Zəngəzur, Vedibasar, Göyçəyə qədər üstün əhali azərbaycanlılar idisə, bu gün orada bir nəfər də olsun, Azərbaycan əsilli insan yaşamır. Monoetnik dövlətə çevrilmək üçün Ermənistanın yeritdiyi siyasət təbii ki, düşünülmüş siyasət olub. Bu gün də dünya siyasətindəki nəticələr göstərir ki, Ermənistanın tutduğu yol iflasa uğramaqdadır. Ermənistan özünü dünyada hüququn tərəfdarı kimi sübut etmək, monoetnik kimlikdən çıxıb, dünyanın bir parçası olmaq istəyirsə, qərbi azərbaycanlıların öz yurd-yuvalarına qayıtmaqla bağlı haqlı tələblərini dinləməli, bunun həyata keçirilməsini təmin etməlidir.

Xalqımızın başına gətirilən müsibətlər, geri qayıdışımız üçün atdığımız addımlarla bərabər əsla yaddan çıxmamalı, tariximizin ən qiymətli köşəsində qorunub saxlanmalıdır ki, gələcək nəsillər qan yaddaşımızı bilsin, yaddan çıxarmasın. 1905-1906-cı illərdə, 1918-1920-ci illərdə 1948-1953-cü illərdə Stalin siyasəti ilə törədilən faciələr, son olaraq, 1988-ci ildə başlanan 1991-ci ildə Nüvədi kəndinin boşaldılması ilə başa çatdırılan zorla köçürülmə - deportasiya siyasəti bütün azərbaycanlıların evlərini, torpaqlarını, mülklərini, qəbiristanlıqlarını, yurd-yuvalarını qoyaraq, Azərbaycana və başqa ölkələrə pənah aparmasına səbəb olub. Bu baxımdan keçmiş Azərbaycan Qaçqınlar Cəmiyyətinin bazasında yenidən formalaşdırılmış, ad, struktur dəyişikliyi edərək, daha qüvvətli təşkilatlanmış Qərbi Azərbaycan İcması olaraq, cənab prezidentimizin liderliyində, bütün Azərbaycan xalqının birlik və bərabərliyi içərisində hüquqlarımızı beynəlxalq təşkilatlar və təsisatlar vasitəsilə Ermənistan hökumətindən tələb etmə prosesinə başlamışıq. Atılacaq addımlar müəyyənləşdirilərkən beynəlxalq strukturlar, o cümlədən Birləşmiş Millətlər Təşkilatının nəzdində Qaçqınlar Ali Komissarlığı, İnsan Hüquqları Komissarlığı, Siyasi və Mülki Hüquqlar Konvensiyası, qaçqınlarla bağlı olan beynəlxalq paktlar və konvensiyalar kimi bir çox beynəlxalq sənədlərə əsaslanırıq. Sual oluna bilər ki, işləyəcəyiniz, əməkdaşlıq edəcəyiniz, biz qaçqınların yurd yuvalarına dönməyi ilə bağlı əsas hansı beynəlxalq təşkilat olacaq? Bizim Qayıdış Konsepsiyamızda göstərildiyi kimi, əsas əməkdaşlıq edəcəyimiz struktur BMT Ali Qaçqınlar Komissarlığı olacaq”.

Qərbi Azərbaycan İcmasının artıq bir sıra uğurlara imza atdığını diqqətə çatdıran sədr müavini qeyd edib ki, təşkilatın BMT Təhlükəsizlik Şurasına müraciəti yanvarın 17-də beynəlxalq qurumun rəsmi sənədi olaraq, geniş şəkildə yayılıb:

“Böyük cəhdlərdən və çalışmalardan sonra bizim üçün ilk uğurlardan biridir ki, BMT-nin rəsmi sənədlərində Qərbi Azərbaycan kəlməsi sözün həqiqi mənasında beynəlxalq termin kimi qəbul olundu. Qərbi Azərbaycan icması bu hadisə ilə öz varlığının və Qərbi Azərbaycan ifadəsinin dünyada qəbuluna nail oldu.

İcmanın bəyanatının əsas məqamı Azərbaycan hökumətinin, qərbi azərbaycanlılara ev sahibliyi edən, qapılarını açan ana vətənimizin bu prosesə hüquq norma və prinsipləri çərçivəsində hərtərəfli dəstək verəcəyidir. Bu proses də uğurla davam etdirilir. Hazırda tələblərimiz, ortaya qoymuş olduğumuz mövqe Ermənistan dövlətinin beynəlxalq müstəvidə qəbul edilmiş sərhədləri çərçivəsində tarixən Azərbaycan torpaqları olmuş, amma hazırda Ermənistan idarəçiliyində olan ərazilərimizə qayıdışımızın təmin edilməsidir. Mən özüm Zəngəzur mahalında, Qafan şəhərində dünyaya gəlmişəm. Bizim doğmalarımızın məzarları, bütün əmlakımız orada qalıb. Təbii ki, hər birimizin tarixi arzusudur ki, öz doğulduğu, boya başa çatdığı, uşaqlığının keçdiyi yerləri, babalarının qəbrini ziyarət etsin. Qərbi azərbaycanlılar bu arzunu yerinə yetirə bilərlər. Hüquq və qanun da bizim tərəfimizdədir.

Qərbi Azərbaycan İcmasının strukturları, idarə heyəti, beynəlxalq qolları və s. mövcuddur. Qərbi Azərbaycan İcması mədəni və ictimai cəhətdən, həm xarici əlaqələr sayəsində beynəlxalq hüquq normaları çərçivəsində hüquqlarımızın qorunması, həm də təhlükəsiz qayıdışın həyata keçirilməsi kimi bir çox məsələləri özündə ehtiva edən geniş proqrama sahibdir. Qayıdış konsepsiyasında qayıdışımızın həyata keçirilməsi, vurulmuş maddi və mənəvi zərərin ödənilməsi, təhlükəsiz şəraitdə yurdumuza, yuvamıza dönərək, yaşamağımız, dönüş həyata keçdikdən sonra Ermənistan ərazisindəki azərbaycanlıların öz ana dilində təhsil alması, bununla əlaqədar həmin dövlətin konstitusiyasına düzəliş və əlavələrin edilməsi kimi tələbləri qeyd etmişik. Əminik ki, bu tələblər hər biri BMT-nin qaçqınlarla bağlı qəbul etmiş olduğu mülki və hüquqi konvensiyalara, insan hüquqları haqqında paktlara uyğundur”. 

Təhlükəsizlik məsələsinə gəlincə, Ramil Həsən bunun təminatı üçün beynəlxalq qüvvələrdən formalaşdırılması nəzərdə tutulan beynəlxalq sülhməramlı missiya ilə bağlı təkliflərin konsepsiyada qeyd edildiyini söyləyib. Qərbi azərbaycanlı vurğulayıb ki, sülhməramlıların sakinlərin inteqrasiya prosesi başa çatana qədər təhlükəsizliyin təminatı üçün orada qalması nəzərdə tutulur:

“Qərbi Azərbaycan İcmasının irəli sürdüyü ölkələrin sülhməramlı missiyasının təşkilində iştirak edəcək. Eyni zamanda gələcəkdə Ermənistan ərazisində yaşayacaq azərbaycanlıların mədəni hüquqlarının bərpası, dağıdılmış və viran edilmiş mülklərin yenidən inşası, təmiri ilə bağlı həm beynəlxalq ictimaiyyətdən, həm də bizə hər zaman ev sahibliyi edən ana vətənimiz Azərbaycandan və şübhəsiz ki, əsas günahkar və məsələnin bilavasitə baiskarı olan Ermənistandan tələblərimiz mövcuddur.

Milyonlarla yəhudinin yurd-yuvalarından zorla köçürülməsinə və qətlinə səbəb olan, soyqırımına gətirib çıxaran “Holokost”a görə Almaniya hökuməti bütün dünya yəhudilərindən üzr istədi. Bu gün də Almaniya bütün dünya yəhudilərinə və onların ailələrinə müxtəlif təyinatlı kompensasiyalar ödəməkdədir. Dünyada belə nümunələr mövcuddur. Beynəlxalq hüququn aliliyini nəzərdə tutaraq, burada və başqa ölkələrdə yaşayan qərbi azərbaycanlıların siyahıya alınması prosesi, bundan sonra isə haqq tələb etmə ilə bağlı prosedurlar, təzminat tələbləri qaydaları hazırlanır.

Geri qayıdış hüquq normaları çərçivəsində yalnız könüllülük prinsipi ilə həyata keçirilə bilər. Ona görə, bütün dünya azərbaycanlılarını, Azərbaycan xalqını cənab prezidentin əsasını qoyduğu yol xəritəsinə müvafiq sürətdə həmrəy olmağa çağırıram. Biz Vətən müharibəsində qazandığımız zəfəri də əlimizdə əsas tutaraq, yeni uğurlar əldə edəcəyik. Bu baxımdan, həm qərbi azərbaycanlıların, həm də bütün dünya azərbaycanlılarının üzərinə böyük məsuliyyət düşür. Bu prosesin həyata keçirilməsi ümdə vəzifəmiz kimi nəticə hasil olana qədər davam edəcək. Qərbi Azərbaycan icmasının qapıları hər kəsin üzünə açıqdır. Fikirlərini bölüşmək, təkliflərini vermək, tarixi qayıdışımızın həyata keçirilməsində, biliyi, imkanları, faktları, könlü ilə yaxından iştirak etmək istəyən hər kəsi məmnuniyyətlə icmamızda görmək istəyirik. Amalımız belə olmalıdır: “Hər birimiz qərbi azərbaycanlıyıq və onların yurd yuvalarına qayıtmasında birik, yumruğuq”.

Xəbərlər