Siyasət 6 Aprel 2023, 15:03 | Baxış sayı: 230
"Azərbaycana qarşı güc, separat dili ilə danışmağın cavabı təxirəsalınmaz tədbirlərlə veriləcək"

Milli Məclisin deputatı Fazil Mustafaya qarşı sui-qəsdin gizlin, konspirativ şəkildə hazırlanıb həyata keçirilməsinin özünün formatı belə məsələnin nə qədər iyrənc və bilavasitə terrora açıq-aydın cəhd olmasını ictimaiyyətin gözləri önünə sərməkdədir. İrandakı Azərbaycan səfirliyinə qarşı törədilən terror aktı, səfirliyin mühafizə xidmətinin rəisi Orxan Əsgərovun şəhid olması, iki əməkdaşın yaralanması, Fazil Mustafaya qarşı da sui-qəsd bu dövlətin ölkəmizlə bağlı uzun illərdir həyata keçirdiyi gizli və məkrli planlarını bu gün açıq şəkildə gerçəkləşdirməyə cəhd etdiyini göstərir.

Bu sözləri açıqlamasında Milli Məclisin deputatı Ramil Həsən deyib.

Deputat bildirib: “Böyük fəxarət hissi duyuruq ki, ölkəmizin Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidmətinin birgə səyləri, dövlətimizin xüsusi mühafizə strukturlarında fəaliyyət göstərən əməkdaşların ayıq-sayıqlığı, mərdliyi, igidliyi, cəsarəti sayəsində bu terror aktlarının sifarişçiləri, onu hazırlayanlar, bu işdə əli olanlar qısa müddətdə tapılıb ədalət mühakiməsi təqdim edilir. Azərbaycan hüquqi dövlətidir. Şübhəsiz ki, ona görə ölkəmizdə törədilən cinayətdə əli olmaq ehtimalı olan hər bir şəxs ədalət məhkəməsi qarşısında cavab verməlidir. Əminəm ki, dövlətimizə, millətimizə qarşı terror törətməyə, iğtişaşlar yaratmağa cəhd edən, ölkəmizdəki sabitliyi pozmağa, dinamik inkişafa, milli birliyə, həmrəyliyə və vətəndaşlarımızın tolerant şəkildə yaşamasına xələl gətirən və gətirə biləcək bütün ünsürlər, güclər, onları bu istiqamətdə yönləndirməyə çalışan dövlətlər və onların uzantıları Azərbaycanın müvafiq qurumları tərəfindən param-parça ediləcək, dərhal cavabları veriləcək. Ölkəmizin bütövlüyünə, təhlükəsizliyinə, əmin-amanlığa zərər gətirən ünsürlər məhz Fazil Mustafaya qarşı həyata keçirilən terror siyasətinin ortaqlarının, sifarişçilərinin tapıldığı kimi, qısa müddətdə tapılacaq və cinayət məsuliyyətinə cəlb ediləcək”.

Ramil Həsənin sözlərinə görə, ölkəmizə zərər verməyə çalışanlar, başqa ölkələrin gücləri, ünsürləri, onların buradakı tör-töküntüləri bilməlidirlər ki, Azərbaycana qarşı güc, separatçılıq dili ilə danışmağın cavabı ciddi şəkildə, təxirəsalınmaz tədbirlərlə veriləcək. Bizə zərər verməyə çalışan düşmənin başı əziləcək. Hər bir Azərbaycan vətəndaşı dövlətimizin daha güclənməsi, qüdrətlənməsi istiqamətində Prezident İlham Əliyevin yanındadır, bu ölkənin fərdi olmaqdan qürur duyur. Ölkəmizin daha da güclənməsi və qüvvətlənməsi istiqamətində Liderimizin arxasınca yürüməyə, fəaliyyət göstərməyə davam edəcəyik.

Mənnbə: AZƏRTAC

Xəbərlər