Siyasət 20 Aprel 2023, 16:55 | Baxış sayı: 205
“İranın nə həddinədir ki, Azərbaycanın daxili işlərinə qarışmağa cəhd etsin?”

“İsrailin XİN rəhbərinin ölkəmizə səfərindən sonra İran, yaxud hansısa dövlətin necə reaksiya verəcəyini indidən deyə bilmərəm. Amma istənilən halda kim Azərbaycana çəp gözlə baxarsa, qara şüşədən, hansısa pis niyyətlə baxarsa, Azərbaycanın daxili işlərinə - hazırkı durumda Xankəndində yaşayan ermənilərin taleyi məsələsinə qarışmaq istəyəcəksə, daxili və xarici siyasətdə baş verən hadisələrlə bağlı öz maraqları çərçivəsində ambisiyalı söz deyəcəksə, cavabını alacaq. Azərbaycan daxili və xarici siyasətində müstəqildir. Azərbaycan kimi nadir ölkələr var ki, xarici siyasəti bugünkü səviyyədədir. Azərbaycan xarici siyasətində həm ikitərəfli, həm də çoxtərəfli formatda çox yüksək səviyyədə diplomatik əlaqələr qurub. Getdikcə bu sahədə Azərbaycan daha böyük uğurlar qazanır. Bunun şahidiyik. Beynəlxalq təşkilatlarda qazandığımız nailiyyətlət bunu sübut edir”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.

 

Deputat bildirib ki, Azərbaycanın xarici siyasətinin prioriteti çoxlu dost qazanmaqdır: “Azərbaycan dünya birliyində, beynəlxalq təşkilatlarda onsuz da möhtərəm Prezidentimizin həyata keçirdiyi diplomatiya sahəsində, onun simsında  etibarlı tərəfdaş kimi tanınır. Bunu müxtəlif ölkələrin, beynəlxalq təşkilatların rəhbləri deyir. Azərbaycan heç bir dövlətin daxili işlərinə qarışmaq niyyətində deyil. Biz özümüzə düşmən seçməmişik. Təcavüzkar Ermənistana Azərbaycan xalqı, dövləti nə edib ki, tarix boyu Azərbaycana düşməncəsinə, ədavətlə baxıb... Kim Azərbaycana ədavətlə baxacaq, Azərbaycanın cavabı da buna uyğun olacaq. Yaxud İranın nə həddinədir ki, Azərbaycanın daxili işlərinə qarışmağa cəhd etsin?  Heç bir dövlət, heç bir təşkilat, xarici qüvvə Azərbaycanın daxili işinə qarışa bilməz. Heç birinin buna nə hüququ çatır, nə də həddi. Bu günə qədər kim qarışıbsa, layiqli cavabını alıb. Bundan sonra da kim buna cəhd edərsə, cavabını necə lazımdırsa, alacaq”.

Xəbərlər