"İranın Azərbaycana qarşı Ermənistan kimi terrordan istifadəsi İslam dəyərlərinə xəyanətdir"
“İran rejiminin Azərbaycana təsir etmək üçün daxildə iğtişaşlar, qarşıdurma, terror aktları törətməyi hədəfləməsi heç kimə sirr deyil”.
Bunu açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov bildirib.
Müşfiq Cəfərov deyib ki, son bir neçə gün ərzində Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən ölkə ərazisində İranın casus şəbəkələrinin ifşası bir daha bunu sübut edir: “Daxili İşlər Nazirliyinin əməkdaşlarının həyata keçirdiyi xüsusi əməliyyat tədbirləri nəticəsində Azərbaycanda "din pərdəsi" altında təxribat və pozuculuq əməllərini həyata keçirən dəstələr müəyyən edilərək saxlanılıb. İranın Azərbaycanda casus şəbəkələri yaratması, onların vasitəsilə terror aktları həyata keçirmək, iğtişaşlar yaratmaq niyyəti birinci dəfə deyil. Dəfələrlə belə qanlı planların qarşısı Azərbaycanın təhlükəsizlik orqanlarının peşəkarlığı, sayıqlığı nəticəsində alınıb. Təkcə ötən ilin noyabrında Azərbaycanda İranın iki böyük casus şəbəkəsi aşkarlanaraq, zərərsizləşdirilib. İranın məlum terror fəaliyyətinin, casus şəbəkələrinin qarşısının alınması, vaxtında aşkarlanması dövlətimizin və xalqımızın təhlükəsizliyi üçün mühüm əhəmiyyət kəsb edir. İranın əməlləri, ölkəmizdə qarışıqlıq yaratmaq üçün qurduğu planlar, casus şəbəkələri yaratması bu dövlətin Azərbaycan üçün nə dərəcədə təhlükəli olduğunu bir daha ortaya qoyur”.
Deputat qeyd edib ki, İran Azərbaycana yanaşmada heç vaxt müsəlman həmrəyliyindən çıxış etməyib: “Dindən öz çirkin məqsədləri üçün istifadə edib, gənclərin beyinlərini yumaqla, məzhəb ayrılığı yaratmağa çalışmaqla Azərbaycanı təhlükəli vəziyyətə salmağa cəhd göstərib. Təəssüf ki, Azərbaycanın bəzi vətəndaşları pula görə dini duyğularını, hislərini istismar etməklə İran tərəfindən ələ alınır. Bu da olduqca narahatlıq doğuran məqamdır. Sonuncu hadisə - Azərbaycan parlamentinin üzvü Fazil Mustafaya qarşı sui-qəsd təşkil edilməsi isə vəziyyəti daha da mürəkkəbləşdirdi. Birbaşa dövlətimizə qarşı təhdid məqsədi daşıyan bu olay istər cəmiyyətimizi, istərsə də dövlətimizi İrana qarşı daha ayıq-sayıq olmağa çağırır. Təəssüf ki, indi mövcud qlobal problemlərə qarşı, xüsusilə 21-ci əsr olmağına rəğmən hələ də davam edən terrora qarşı birləşmək əvəzinə dövlətlər bir-birinin daxilində gərginliklər yaratmaq, lazımsız münaqişələr alovlandırmağa çalışırlar. İranın Azərbaycana qarşı Ermənistan kimi terrorçu dövləti dəstəkləməsi və eyni Ermənistan kimi Azərbaycana qarşı terrordan istifadə etməsi də İslam dəyərlərinə əsl xəyanətdir”.
Mənbə: APA