“İranlı deputatlarla ünsiyyət faktiki olaraq mövcud deyil”
Azərbaycanın İranda yerləşən səfirliyinə qarşı törədilmiş terror aktı iki ölkə arasında diplomatik əlaqələrin dayandırılmasına gətirib çıxardı. Diplomatlarımızın təhlükəsizliyini təmin etmək məqsədi ilə onların ölkəmizə təxliyəsi həyata keçirildi. Beləliklə, Azərbaycanın Tehranda yerləşən səfirliyi fəaliyyətini dayandırdı.
Mövcud məqamda cənub qonşumuzla digər sahələrdəki əlaqələrin və əməkdaşlığın hansı şəkildə davam edəcəyi də sual altında qalır. Xüsusilə əvvəlki dönəmdə də fəaliyyətsizliyi ilə seçilən Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupunun taleyinin necə olacağı müəmmaya çevrilib.
Üstəlik, qeyd etmək lazımdır ki, işçi qrupunun fəaliyyətsizliyi təkcə iranlı deputatların biganəliyindən yaranmış durum deyil. Belə ki, Azərbaycan-İran parlamentlərarası işçi qrupunun rəhbəri Vasif Talıbov da hadisədən üç gün keçməsinə baxmayaraq, heç bir açıqlama və bəyanatla çıxış etməyib. Vasif Talıbovun susqunluğu bu vəzifəsindən də istefa verəcəyi, deputat mandatı qalmaqla işçi qrupundan kənarlaşacağı haqqında iddiaları gücləndirib.
Parlamentlərarası işçi qrupunun fəaliyyəti haqqında Oxu.Az-a danışan qrup üzvü Elşad Mirbəşiroğlu bu təsisatın taleyinin də qarşıdakı proseslərdən asılı olacağını qeyd edib. Deputat hazırda Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri arasında heç bir ünsiyyətin olmadığını etiraf edib:
“Bundan öncəki hadisələr, Azərbaycana qarşı səsləndirilən böhtan xarakterli bəyanatlar zamanı da iranlı deputatlar tamamilə laqeyd mövqe nümayiş etdirir, işçi qrupu səviyyəsində müzakirələrdə maraqlı olmurdular.
Azərbaycan səfirliyinə qarşı törədilmiş bu terror aktı isə çox ciddi şübhələrə əsas verən elementlərlə müşayiət olundu. Biz dəfələrlə qeyd etmişik ki, Vyana konvensiyası İran hökuməti tərəfindən pozulur. Bu artıq sübut edildi. İran Azərbaycan səfirliyinin təhlükəsizliyinə görə birbaşa məsuliyyət daşıyır. Hadisənin görüntülərindən aydın olur ki, küçədə səfirliyin mühafizəsini həyata keçirməli olan polis tam fəaliyyətsizlik nümayiş etdirir. Sözsüz ki, polisin ixtiyarında döyüşə hazır silah olur. O istəsəydi, cəld reaksiya verib, terrorçunu zərərsizləşdirə bilərdi və biz şəhidimiz Orxan Əsgərovu itirməzdik. Amma cinayətkar rahatlıqla səfirliyə girir və avtomat silahdan atəş açır. Polisin addımı, İran rəhbərliyi tərəfindən hadisənin başqa cür təqdim edilməsinə cəhd göstərilməsi və digər məqamlar ciddi şübhələrə rəvac verir.
Bundan əlavə, İranın bu hadisəyə qədər sərgilədiyi mövqe olduqca anlaşılmaz idi. Ötən il İran Azərbaycanla sərhəddə hərbi təlimlər keçirmişdi. Bununla kimə hansı mesajlar ötürmək istəyirdi?
“Ermənistanın təhlükəsizliyi mənim təhlükəsizliyimdir” deyən rəsmi Tehranı necə anlamaq olar? 30 il Ermənistan Azərbaycan torpaqlarını işğal altında saxladı, Azərbaycan xalqına qarşı qanlı faciələr, qırğınlar törətdi. İran isə bu müsibətlərə qarşı bir dəfə də səsini çıxarmadı. İran Ermənistanın təcavüzkar, işğalçı olduğunu görə-görə onunla dostluğunu davam etdirdi. Halbuki bütün islam dünyası Ermənistanın işğalçılıq siyasətini qəti şəkildə pisləyirdi. Bütün bunlar başadüşülən deyil”.
Elşad Mirbəşiroğlu Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupunun fəaliyyətini dayandıra biləcəyi ehtimalını istisna etmir:
“Hazırda Azərbaycan İrandakı səfirliyinin fəaliyyətini dayandırıb. Bundan sonra iki ölkə arasındakı münasibətlərin taleyi necə olacaq sualına cavab vermək çətindir. Törədilmiş qanlı terrorun istintaq araşdırmalarının hərtərəfli, dərin formada aparılması, onun arxasında duranların üzə çıxarılması, ən sərt şəkildə cəzalandırılması vacibdir. İran bu məsələdə iradə nümayiş etdirəcəksə, onda fərqli mənzərə yarana bilər. Amma hazırda görünən reallıq budur ki, hadisə iki ölkə arasında, onsuz da, gərgin olan münasibətləri daha dərindən sarsıdıb. İranlı deputatlarla ünsiyyət faktiki olaraq mövcud deyil. Bu istiqamətdə hansı addımın atılacağı, üzvü olduğum parlamentlərarası əlaqələr üzrə işçi qrupunun saxlanılıb-saxlanılmayacağı önümüzdəki proseslərdən asılı olacaq. Dövlətimizin başçısı və Milli Məclis rəhbərliyi bununla bağlı ən doğru qərarı verəcəklər”.
İranla əlaqələr üzrə işçi qrupunun rəhbəri Vasif Talıbovun susqunluğuna gəlincə, Elşad Mirbəşiroğlu bu məsələ haqqında rəhbərin özünün mövqe bildirməyinin daha doğru olacağını söyləyib.