Siyasət 2 Fevral 2023, 17:00 | Baxış sayı: 117
“İrandan hər cür təxribat gözləmək olar, ayıq-sayıq olmalıyıq”

“Hesab edirəm ki, əvvəlki dövrlərdə də Azərbaycanın dövlət qurumları ölkədə İran agneturasının üzvlərinin tapılması istiqamətində müvafiq addımları atıb. Amma bu gün İranın bizə qarşı etdiyi təxribatlar bizdən daha çevik və daha operativ qərarların qəbul edilməsini tələb edir. Bu baxımdan, düşünmürəm ki, bu əməliyyatlar gecikib”.  

Bu sözləri Yenisabah.az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib. 

O, Azərbaycanda İran agenturasına işləməkdə şübhəli bilinən şəxslərin yaxalanmasına, habelə bu prosesin sosial şəbəkələrdə bir az gec başlaması ilə bağlı səsləndirilən fikirlərə münasibət bildirib. 

C.Məmmədova görə, bu əməliyyatların hazırkı dövrdə keçirilməsi çox önəmlidir: 

“Biz əvvəlki dövrlərdə İranla münasibətlərdə qonşuluq əlaqələrini maksimum dərəcədə qorumağa çalışırdıq. Lakin İranın fəaliyyətində biz bunu görmədik, əksinə, İranın bizə qarşı olan təxribatları, eləcə də addımları davam etdi. Ona görə də düşünürəm ki, bu qərarlar çox önəmlidir. Ancaq biz bu addımları davamlı və mütəmadi atmalıyıq. Bu addımlar sistemli addımlar olmalıdır. O cümlədən kökü kəsilənə kimi, bu istiqamətdə fəaliyyət göstərən hər bir şəxs aşkarlanana kimi proseslər davam etməlidir. Bu prosesdə iştirakı olan hər kəs tapılmalı və cəzalandırılmalıdır. Çünki bu, kifayət qədər böyük və uzun illər fəaliyyət göstərən bir şəbəkə olub”. 

Millət vəklinin fikrincə, biz burada gecikməmişik, əksinə, addımlarımızı yenə də atmalıyıq: 

“O ki qaldı İranın reaksiya məsələsinə, İran artıq Azərbaycana qarşı edə biləcəyini edibdir. İranın ən böyük cinayətlərindən biri də Tehrandakı səfirliyimizin hücuma məruz qalması faktı oldu. Bu baxımdan, fikirləşirəm ki, İranın hansı reaksiya verməsindən asılı olmayaraq, biz addımlarımızı atacağıq. Biz İrandan hər cür təxribat gözləyə bilərik, ona görə də Azərbaycan hüquq-mühafizə orqanları ayıq-sayıq olmalı və bu prosesləri diqqətlə izləməlidirlər ki, biz hansısa bir hər hansı bir xoşagəlməz hadisəylə üzləşməyək. Onsuz da İran edə biləcəyini ən eybəcər formada Azərbaycana qarşı etdi. Xüsusilə də səfirliyimizə hücum təşkil etməklə özünün həqiqi mahiyyətini ortaya qoymuş oldu”. 

Xəbərlər