Siyasət 7 Aprel 2023, 17:33 | Baxış sayı: 164
“İranda təhsil alan gənclərin zərərli və zəhərli ideologiyaya məruz qalmamaları qeyri-mümkündür”

Azərbaycanın İranda, xüsusən Qum şəhərində təhsil alan dindarların əksəriyyəti artıq kənarlaşdırılır. Lakin belə düşünənlər də var ki, İranda təhsil alan və onların təsiri altına düşməyənlər yerli təhsil alan dindarlarla ortaya birgə iş qoya bilərlər, ona görə də İlahiyyat İnstitutunu bitirən gənclər bu işə cəlb edilsinlər.

 

Mövzu ilə bağlı Pravda.az-a fikirlərini bölüşən İlahiyyat İnstitutunun sabiq rektoru, Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib ki, İlahiyyat İnstitutu yeni qurulub.

 

“Artıq bu il ikinci il olacaq ki, İlahiyyat İnstitutunun tələbələri məzun olurlar. Amma hesab edirəm, bu İnsitutu bitirən gənclər də, İlahiyyat İnstitutu da proseslərdə daha fəal olmalı, Azərbaycanın dövlət-din münasibətləri modelinin formalaşmasına, ölkəmizdə kənar təsirlərin, müdaxilələrin qarşısının alınmasına öz töhvələrini verməlidirlər. Daha fəal olmadan, daha çox səy göstərmədən məqsədlərimizə nail ola bilməyəcəyik. Çünki İran bu məsələdə daha təcrübəli, daha geniş imkanlara malikdir və bütün gücünü bu prosesə səfərbər edib”, - deputat bildirib.

 

C.Məmmədovun sözlərinə görə, İranın təhsil sistemi elə bir formada qurulub ki, orada təhsil alan gənclərin İranın zərərli və zəhərli ideologiyasına məruz qalmamaları qeyri-mümkündür: “İran orada təhsil alan şəxslərə konkret istiqamət verir. Onların gələcəkdə fəaliyyətləri də İranın müəyyənləşdirdiyi strategiya üzrə həyata keçir və davam etdirilir. Bu baxımdan, İranda təhsil alan gənclərin mütləq əksəriyyəti İranın təbliğatına məruz qalır. Onlar Azərbaycana gələndən sonra dövlət-din modeli münasibətləri, Azərbaycanda İslam dövlətinin qurulması istiqamətində fəaliyyət qururlar. Bu gün İranda oxuyub, təsirə məruz qalmamaq çox çətindir. Amma hamını da bu formada təqdim etmək düzgün deyil. Ola bilər ki, İranda təhsil alan şəxslər arasında iki-üç nəfər öz milli kimliyini qorusun, Azərbaycan dövlətçiliyi baxımından çıxış etsin. Lakin mütləq əksəriyyət təsirə məruz qalıb. Azərbaycan məscidlərində də bu, özünü göstərir. Məscidlərin İranın təsirindən çıxarılması üçün atılan addımları təqdir edirəm”.

Xəbərlər