“İran siyasətindən əl çəkməsə, Azərbaycan İranın hər hansı qaba hərəkətinə qarşı özünün sərt dirənişini ortaya qoyacaq”
“Şuşada keçirilən beynəlxalq konfransda ölkə başçısı bütün beynəlxalq ekspertlərin suallarına çox tutarlı, ətraflı cavab verdi. Hətta 907-ci düzəlişlə bağlı olduqca ironiyalı formada ABŞ-ın siyasətinin nə qədər taraz olmadığını, müəyyən ədalətsizlik parametrinin nə dərəcədə böyük olduğunu çox müqayisəli formada təqdim etdi. Eyni zamanda İran münasibətlərinə də toxunanda gərginliyin əsas səbəbinin İran tərəfi olduğunu çox aydın şəkildə izah edə bildi. Yəni Azərbaycanın İranla heç bir problemi yoxdur, amma İranın Azərbaycanla problemi olduğunu, Azərbaycanın düşmənlərinə dəstək vermək siyasətini yürütdüyünü diqqətə çatdırdı, Ermənistanla İran arasındakı münasibətlərin iki militarist, iki qeyri-humanist dövlətin birləşməsi kimi qiymətləndirdi. Bu iki faşist simptomunu daşıyan ölkənin birləşməsinin bölgədə müharibə riskini daha çox artırdığına diqqəti çəkdi. Bu baxımdan konfransda bütövlükdə İranla qonşuluq münasibətlərinə önəm verdiyini Prezidentimiz dəfələrlə diqqətə çatdırsa da, İranın apardığı siyasət üzündən bu münasibətlərin çox aşağı səviyyəyə düşdüyünü, hətta narahatedici şəkildə inkişaf etdiyini bildirdi”.
Bu sözləri Pravda.az-a müsahibəsində Milli Məclisin deputatı Fazil Mustafa deyib.
Deputat bildirib ki, Ermənistan işğalçı xarakterdə olan dövlətdir: “Təkcə işğalla kifayətlənməyib, həm də başqa xalqları sevməmək, onları qətletmə zehniyyətini daşıyan xalqın dövlətidir. İran da eyni zehniyyətə, başqa xalqdan daha çox başqa inancı daşıyan insanlara qarşı hər cür terroru, vəhşiliyi təqdir edən ölkədir. Ölkə başçısı da bu iki ölkənin zehniyyət birliyinin nə qədər narahatedici olduğunu dünya ictimaiyyətinin diqqətinə çatdırdı. Prezidentin mesajları olduqca önəmli mesajlar idi. Hesab edirəm, ölkə başçısının açıqlamaları bütövlükdə İran üçün də düşünməyə ciddi əsas verdi ki, münasibətlərin bərpası üçün hansı addımlar atılmalıdır. Çünki İranın dəstəklədiyi səfirliyimizdə törədilən və başqa terror hadisələri bunu göstərdi ki, xislət olaraq bu ölkə terrordan kənarda hansısa metod düşünə bilmir”.
F.Mustafa Prezident İlham Əliyevin açıqlamalarından sonra İranla Azərbaycan arasında münasibətlərin hansı məcrada dəyişə biləcəyi ilə bağlı da fikir bildirib: “Münasibətlərin hər hansı şəkildə dəyişməsi hələ ki mümkün görünmür. Bu, Azərbaycandan asılı deyil. İranın siyasəti dəyişməlidir. İran siyasətindən əl çəkməsə, Azərbaycan İranın hər hansı təkəbbürlü, qaba hərəkətinə qarşı özünün sərt dirənişini ortaya qoyacaq. Azərbaycan İrandan hansısa qorxacaq davranış, yaxud müdafiə olunacaq addım atmaq düşünmür. Bu münasibətləri biz pozmamışıq. Gedib hansısa dövlətin yanından İranı hədələmirik ki. Deyirik ki, bizimlə düşmən olan dövlətin maraqlarını üstün tutursan, qonşuluq prinsipinə əməl etmirsən, yolun açılmasına maneə olursan... Azərbaycan həmişə öz mövqeyini axıra qədər sərt şəkildə İran qarşısında qoyacaq. Çünki Azərbaycan qonşuluq prinsipinə yenə də sadiqdir. İstənilən vaxt bu münasibətlərin normallaşmasına qayıdıla bilər”.