"İran ermənilərlə bacılaşmış şəkildə özünü eyni millətdən hesab edir"
"İran Azərbaycana, xüsusilə də Cənubi Qafqaz respublikaları arasında fitnə çıxarmağa meyllidir. Ulu öndərimiz Heydər Əliyevin vaxtında da İran sərhədləri pozaraq, belə bir hərbi təxribat törətmişdi. Təbii ki, qısa müddətdən sonra cavabı necə lazımdırsa verildi. İndi ötən dövr ərzində olduğu kimi İran yenə də işğalçı, təcavüzkar Ermənistan dövlətinin yanındadır, ermənilərlə bacılaşmış şəkildə özünü eyni millətdən hesab edir. Yəni, İran Ermənistanın işğalçı mövqeyini dəstəkləyir".
Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
Deputat qeyd edib ki, İran hər zaman islam dini kimi müasir və dünyəvi, demokratik bir dinin adına əməlləri ilə ləkə gətirməyə çalışıb:
"Əgər İran islam dövlətidirsə, o zaman Azərbaycandakı müsəlman qardaşlığına öz töhfəsini verməlidir. Bizim İranla həm ikitərəfli, həm də çoxtərəfli formatda əməkdaşlığımız var idi. Lakin İran daim Ermənistanla birgə addımlar atır. İran nə qədər bölgədəki ölkələrə, eləcə də Azərbaycana qarşı təxribat törətməyə çalışacaqsa, onun cavabını misli ilə alacaqdır.
Görün nə qədər gülüncdür ki, bu yaxınlarda Nizami Gəncəvi həftəsi keçiriləndə İranın xarici işlər naziri deyib ki, Nizami Gəncəvi İran şəhəri olan Gəncədə doğulub. Gəncəni fars şəhəri elan edib. Həqiqətən də gülünc, savadsızlıq və təxribat xarakterli bir açıqlamadır. Bütün dünya bilir ki, Gəncə tarixən Azərbaycan şəhəri olub və heç vaxt fars şəhəri olmayıb".
Deputat qeyd edib ki, iki gün öncə İranın hərbi təyyarəsi fasiləsiz olaraq Azərbaycan-İran dövlət sərhədi boyunca, Zəngilan rayonu istiqamətindən Biləsuvar rayonu istiqamətinə və geriyə doğru uçuş həyata keçirib:
"İran gec də olsa anlasın ki, Azərbaycana təxribat etmək ona xeyir gətirməz, fayda verməz. Birmənalı olaraq hamı bilir ki, İran hansı durumdadır. Orada bizim 40 milyondan çox soydaşımız var. Prezidentimiz çıxışında hər zaman deyib ki, Azərbaycan dövləti öz soydaşlarının taleyinə biganə qalmayacaq".