Siyasət 31 Mart 2023, 11:34 | Baxış sayı: 160
"İran ermənilərin Cənubi Azərbaycanda törətdiyi soyqırımına dair məlumatları gizlətməyə çalışır"

“100 ildən çoxdur ki, Cənubi Qafqazda böyük bir haqsızlıq və ədalətsizlik hökm sürür. Azərbaycanın tarixinə baxanda dəfələrlə soyqırımlara məruz qalmış, deportasiya olunmuş və doğma yurdlarından didərgin salınmış bir xalq görürük”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov bildirib.

Deputat deyib ki, bütün bunlarla yanaşı beynəlxalq aləmin və insan haqlarından car çəkən təşkilatların bu ədalətsizliyə göz yumduğunun da şahidi oluruq: “Erməni millətçilərinin xalqımıza qarşı tarixin müxtəlif mərhələlərində həyata keçirdikləri etnik təmizləmə siyasətinin ən qanlı səhifələrindən biri də 1918-ci ilin mart-aprel aylarında azərbaycanlılara qarşı törədilən soyqırım hadisələridir. Etnik təmizləmə siyasətinin davamı olaraq Bakı Soveti qoşunları və daşnak erməni silahlı dəstələri 30 mindən çox azərbaycanlını qətlə yetirib, 10 minlərlə insanı öz torpaqlarından qovub. Ermənilər Şimali Azərbaycanla bərabər, Cənubi Azərbaycan ərazisində də azərbaycanlılara qarşı soyqırımlar törədiblər. Bu cinayətlərin məqsədi təkcə ərazi əldə etmək deyildi, birbaşa türklərin məhvinə yönəlmişdi. Lakin təəssüf ki, cənubda baş verənlərlə bağlı tarixdə elə də çox materiallar yoxdur. Çünki həmin dövrdə İran hakimiyyəti də bu hadisələri gizlətməyə çalışırdı. Bu günə kimi olan az sayda məlumatlar isə yerli sakinlərin, yəni hadisələrin şahidlərinin qeydlərinə əsaslanır və əldə edilmiş məlumatlara görə, 200 min azərbaycanlı soyqırımın qurbanı olub. Həmin dövrdə də türk dövləti olan Osmanlı millətimizin harayına çatdı. Əgər Osmanlı qoşunları vaxtında gəlib çıxmasaydı, Xoy da Urmiya kimi yerlə-yeksan olacaq, orada azərbaycanlılardan əsər-əlamət qalmayacaqdı”.

Müşfiq Cəfərov qeyd edib ki, hətta Cənubi Azərbaycanda bu dövrün cinayətlərini əks etdirən kütləvi məzarlıqlar da aşkarlanıb: “Lakin sonralar yenə hökumətin göstərişi ilə məsələnin araşdırılmasına icazə verilməyib. 2015-ci ildə Urmiyada bir məktəbin həyətində belə bir məzarlığa rast gəlinir. Kütləvi məzarlıqların yeri məlumdur, hətta o dövrdə çəkilmiş şəkillər də var. Təsəvvür edilməsi mümkün olmayan bir qəddarlıq nümunəsi Salmasda baş verib. Salmasda hadisələr zamanı əhali qaçıb məsciddə gizlənib və orada güllələnib. Sonradan əhalinin üstü torpaqla örtülüb və yenidən məscid kimi istifadə edilib. Salmaslıların xatirələrində belə bir hadisə də var ki, bir gün məhərrəmlik vaxtı camaat məscidə yığışanda məscidin bir tərəfi çökür və insan sümükləri çıxır. Elə Urmiyanın yaxınlığında Qəhrəmanlı adlanan kənddə də belə məzarlıqlar var. Bu gün də İran hakimiyyəti ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımılar, kütləvi məzarlıqlar barədə məlumatları gizlətməyə çalışır”.

Xəbərlər