Siyasət 17 Aprel 2023, 14:04 | Baxış sayı: 221
"İran “din” pərdəsi altında nəinki Azərbaycanın, bir çox ölkələrin gənclərini zəhərləyib"

Azərbaycan gəncliyi bu gün beynəlxalq aləmdə seçilməyə, dünya gənclər hərəkatının aparıcı qüvvələri arasında yer almağa iddialıdır. Gənclərin beynəlxalq əməkdaşlığı xeyli genişlənib. Lakin eyni zamanda son proseslər bir daha göstərdi ki, Azərbaycan gənci davamlı olaraq müxtəlif təhdidlərlə, zərərli və zəhərli ideologiyalarla üz-üzədir. Bu, özünü xüsusən dini fəaliyyət sahəsində açıq göstərir.

 

Mövzu ilə bağlı Pravda.az-a fikirlərini bölüşən Milli Məclisin deputatı Tahir Rzayev deyib ki, Azərbaycanda gənclərin mənəvi tərbiyəsi, onların milli-mənəvi dəyərlərə yiyələnməsi sahəsində çox böyük tədbirlər həyata keçirilir.

 

Deputat bildirib ki, bu tədbirlərin nəticəsi özünü 44 günlük Vətən müharibəsində aydın göstərdi: “Gənclərimiz mənəvi cəhətdən sağlam olmasaydılar, vətənpərvər ruhda tərbiyə almasaydılar, torpaq, vətən təəssübkeşliyi ruhunda böyüməsəydilər, sözsüz ki, 30 il işğal altında qalan torpaqlarımızı düşməndən təmizləmək ciddi problemə çevrilə bilərdi. Cənab Prezident bunu bir neçə dəfə xatırladıb ki, qələbələrimizin qazanılmasında müasir gəncliyimizin çox böyük rolu olub. Onlar torpaqlarımızın azadlığı uğrunda canlarından keçməyi belə bacardılar, böyük qəhrəmanlıqlar göstərdilər. Əlbəttə, mənəvi inkişaf ölkənin gələcək inkişafına zəmindir. Bu gün təhsil ocaqlarımızdakı kollektivlərdə sağlam, mənəvi cəhətdən yetkin, intellektual səviyyəli, vətənin, xalqın qayğısına qalan və onun müstəqilliyi, azadlığı uğrunda mübarizə aparan gənclər yetişdirməsək, dövlətimizin gələcək uğurlarından danışmaq çox çətin olar. Bu gün istər ölkənin müdafiə gücünün möhkəmlənməsi, istər sosial-iqtisadi inkişafı sahəsində çox bacarıqlı, potensiallı gənclərimiz var”.

 

Deputat təəssüflə qeyd edib ki, müəyyən dövlətlərin təsiri altına düşən, müəyyən qruplara xidmət edən, hələ də müstəqilliyimizin, suverenliyimizin dəyərini qiymətləndirməyən gənclər də var: “Xüsusilə son illər dini təsirlər altına düşən gənclərimizin sayı xeyli artıb. Əlbəttə, bu, bir çox gənclərin xaricdə təhsil almaları, xüsusən qonşu İran dövlətinin bu sahədə apardığı məkrli siyasətlə əlaqədardır. İran “din” pərdəsi altında nəinki Azərbaycanın, bir çox ölkələrin gənclərini zəhərləyib. İslamın dəyərləri yanlış izah edilib, bu, bir terror, qalibiyyət, cəza kimi gənclərə təbliğ edilib. Son günlər Azərbaycanda həbs olunan çox sayda gənc də məhz İranın təsiri altında Azərbaycanda müəyyən dini qurumların yaradılmasında, insanların bura cəlb edilməsində, molla rejimini təbliğində iştirak edən gənclərdir. Bu amillərin meydana gəlməsi, özünü göstərməsi, sözsüz ki, məktəblərimizdə, ali təhsil müəssilərimizdə maarifləndirmənin zəif olmasından irəli gəlir. Hələ formalaşmamış, yetkinləşməmiş xeyli gənc dindarların təsiri altına düşür, müəyyən ayələri kortəbii icra etməklə, məkirli planların iştirakçısı olmaqla gələcək həyatlarına qəsd edirlər. Belə gənclərlə mütəmadi söhbətlər aparılmalı, onlara dünyada baş verən reallıqlar, İranın, eləcə də bizə düşmən olan dövlətlərin mövqeyi, ölkənin inkişafında əldə olunan nailiyyətlər qələbələrimizin səbəbləri, mahiyyəti geniş izah olunmalıdır. Bu, təkcə məktəblərin, ali təhsil müəssisələrinin borcu deyil, hər bir vətəndaşın borcudur. Hər bir vətəndaş milli-mənəvi dəyərlərimizə, gənclərimizin mənəviyyatına zidd hallara qarşı amansız mövqedə olmalıdır. Çünki gənclər bizim gələcəyimizdir. Onlar Azərbaycanın qurucuları, ölkəmizin inkişafı üçün əmək sərf edən insanlardır. Gəncləri vətənpərvər ruhda tərbiyə etmək, onlara gələcəyin vəzifələrini tapşırmaq və bu istiqamətdə işləri düzgün qurmaq həm dövlətdən, həm də cəmiyyətdən asılıdır. Buna görə də hər bir gənc üzərində işləmək, onların fəaliyyətinə nəzarət etmək, düzgün istiqamətləndirmək vətəndaşlıq amalımız, bocumuz sayılamlıdır”.

Xəbərlər