Cəmiyyət 7 Oktyabr 2021, 15:02 | Baxış sayı: 252
"İran da Azərbaycan əleyhinə olan bəzi qüvvələr kimi əsassız ittihamlarla özünə haqq qazandırmağa çalışır"

“İranın yeni təyin olunmuş xarici işlər naziri Hüseyn Əmir Abdullahian Rusiyaya rəsmi səfər çərçivəsində hava limanındaca ölkəsindən olan jurnalistin sualını cavablandırarkən təcrübəsizliyini və səriştəsizliyini ortaya qoydu. O, ilk andan etibarən Azərbaycanla bağlı Rusiyada şikayətlər yağdırmağa başladı. Düşündürücüdür, Azərbaycanla bağlı məsələlər niyə başqa bir ölkənin siyasiləri ilə müzakirə olunmalı və Azərbaycandan şikayət edilməlidir? Çox təəssüfləndirici haldır ki, regionda o qədər problemlər mövcud olduğu halda İran Azərbaycandan gileylənməyi daha vacib hesab edir. Halbuki burada Azərbaycan yox, Ermənistanın üçtərəfli bəyanata riayət etməməsi müzakirə mövzusu olmalıydı. Çünki bəyanatdakı şərtlərin yerinə yetirilməsinin yubadılması bölgədə gərginliyi artırır”.

Bunu APA-ya açıqlaması zamanı Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Deputat qeyd edib ki, ümumiyyətlə, İranın son günlər sərgilədiyi mövqe anlaşılan deyil: “Halbuki İrana qarşı sanksiyalar tətbiq olunarkən, İrana qarşı hər hansı hərbi müdaxilə müzakirə mövzusu olarkən Azərbaycan daim İranın yanında olub. Azərbaycan ərazisindən istifadə etməklə İrana qarşı hər hansı hərbi müdaxilənin yolverilməzliyini bildirmişdi. Ancaq biz indi həmin dost dediyimiz ölkədən tam başqa münasibət görürük. Sanki Ermənistanın terror yuvasına çevirdiyi Qarabağ torpaqlarının elə partlamamış bomba formasında qalması İrana sərf edib. İran bu gün azad etdiyimiz torpaqlarda terror təhlükəsindən narahatlığını dilə gətirir. Halbuki Azərbaycan 30 ildir, bütün dünyaya car çəkirdi. İran elə narahat idisə, 30 ildə səsini çıxarardı”.

V. İskəndərov dünənki görüş ümumilikdə İran XİN rəhbərinin təcrübəsizliyini ortaya çıxarıb: “Sanki Rusiyaya iki ölkə arasında münasibətlərin inkişafında maraqlı olan rəsmi şəxs kimi yox, daha çox Azərbaycandan şikayət etmək üçün platforma axtaran İran rəsmisi kimi gedib. Nazir ölkəni təmsil edən şəxs kimi əvvəlcə özünə sual verməlidir ki, azad edilmiş torpaqların sərhədində hərbi təlimlərin keçirilməsinə nə ehtiyac var? Bəyəm 30 il həmin ərazi narkotiklərin daşınması üçün tranzit olanda daha təhlükəsiz idi? Yeri gəlmişkən, Rusiya XİN rəhbəri Lavrov da yerindəcə bu məsələyə münasibət bildirməklə zəif rəqibini pis vəziyyətə saldı. Lavrov qeyd etdi ki, elə Azərbaycan da İranın təlimlərindən narahatdır və bu, hərbi gərginlik müsbət heç nə ifadə etmir. Təəssüf ki, İran da Azərbaycan əleyhinə olan bəzi qüvvələr kimi əsassız ittihamlarla özünə haqq qazandırmağa çalışır, Azərbaycanın terrorun başını əzdiyi bir vaxtda Azərbaycanı terrorçulara dəstək verməkdə günahlandırır. Əlbəttə, belə qeyri-ciddi ittihamlarla İran xarici işlər naziri özünü gülünc vəziyyət salaraq Rusiyadan ayrıldı. Belə yollarla İran ancaq özünə düşmən qazana bilər. Onsuz da beynəlxalq müstəvidə İranın o qədər də dostu yoxdur”.

Xəbərlər