Siyasət 27 Yanvar 2023, 14:36 | Baxış sayı: 163
“İran cavab verməlidir”

“Terror aktı ciddi araşdırılmalıdır. İranın Azərbaycandakı səfirliyinə silahlı hücum və bir nəfərin həlak olması beynəlxalq hüquq normalarına, diplomatik prinsiplərə tamamilə ziddir və yolverilməzdir. Bu Azərbaycan - İran münasibətlərinə böyük zərbədir və ölkələr arasında hökm sürən soyuqluğu, heç də yaxşı olmayan münasibətləri daha da kəskinləşdirə bilər”.

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev bildirib.

 

T.Rzayev qeyd edib ki, İranın hakimiyyət dairələri Azərbaycanın isti münasibətləri, əməkdaşlığın yaxşılaşdırılmasına göstərdiyi cəhdləri nəzərə alaraq faktları ciddi araşdırmalı və terror aktına düzgün qiymətini verməlidir: “Çünki Azərbaycan - İran münasibətlərinin yaxşı səviyyədə olmamasından digər qüvvələr istifadə edə bilər ki, bu da daha ağır nəticələr yaradar. Silahlı hücum mütləq müvafiq orqanlar tərəfindən dəqiq araşdırılmalıdır. Çünki bu adi hal deyil, insan qətlidir. İran hakimiyyəti tez bir zamanda hadisələrə öz münasibətini bildirməli və terrorçunun kimliyi barədə məlumat verməlidir. Səfirliyə hücuma görə tam məsuliyyət İranın üzərinə düşür və bu qəsdə, təcavüzə İran cavab verməlidir. İran terrordan, təcavüzdən çəkinməli, Azərbaycanla münasibətlərə düzəliş etməli, ermənipərəst mövqeyinə son qoymalıdır. Hadisəyə səbirlə yanaşmaq, təmkin göstərmək çox vacibdir və xalqımız öz müdrikliyini bir daha göstərməlidir.  Hər birimiz şəhidimizin ailəsinə və əzizlərinə baş sağlığı verir, yaralılarımıza şəfa arzulayırıq”.

Xəbərlər