Siyasət 6 Aprel 2023, 14:52 | Baxış sayı: 169
"İran 30 il ərzində tək işğalı sükutla qarşılamadı, həm də Ermənistana hərtərəfli yardım etdi"

“Bu “bəyanat” bizdə acı gülüş doğurur. O mənada ki, bu “bəyanatı” qəbul edənlər nədənsə torpaqlarımız və məscidlərimiz Ermənistan tərəfindən dağıdılanda lal, kar, kor oldular. Həmin işğal günlərindən və sonra 30 il ərzində İran bu vəhşiliyi sükutla qarşıladı. Təkcə sükutla qarşılanmadı, həm də işğalçı ölkəyə hərtərəfli yardım etdi”.

Bunu açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Deputat qeyd edib ki, İran həmin “ənənəsinə” bu gün də sadiq qalır: “İran rejimi hər addımbaşı Azərbaycanın ünvanına hədə və böhtanlar yağdırır. Dini əlində bayraq edən, dindən sadəcə öz məqsədləri üçün istifadə edən İranın mövcud rejimi Azərbaycana qarşı addımlarından, təxribatlarından və anti-Azərbaycan siyasətindən əl çəkmir. Bu gün İranın mövcud rejiminin Azərbaycana yanaşması ilə Ermənistanın bizə yanaşması demək olar ki, eynidir”.

Deputatın sözlərinə görə, İran rejiminin parlamentinin 210 deputatının adından qəbul edilən “bəyanat”da iddia edilir ki, “Azərbaycanın Qüdsü işğal edən sionist rejimin mərkəzində səfirlik açması İslam dünyasının mənafeyinə ziddir”: “Məgər Azərbaycanın işğal edilmiş torpaqlarında 30 il ərzində məscidlərin dağıdılması, orada heyvan saxlanması İslam dininə zidd deyildimi? Yoxsa İran dini də özəlləşdirib. Özünün işinə yarayanda dinə bir prizmadan, yaramayanda başqa prizmadan yanaşır. Digər tərəfdən, bizim daxili və xarici işlərimizə burunlarını soxmağa çalışanlara sual etmək istəyirəm -Türkiyə, Pakistan və Səudiyyə Ərəbistan Ermənistan ilə diplomatik əlaqələri dayandıranda siz harada idiniz?”.

Mənbə: APA

Xəbərlər