“İpə-sapa yatmayan separatçılar real vəziyyətlə barışırlar”
“Son vaxtlar Laçın nəzarət – buraxılış məntəqəsindən keçib, Ermənistana gedən bəzi insanlar geri qayıtmaq fikrində deyillər. Anlayırlar ki, Paşinyan hakimiyyətinə lazım deyillər. Azərbaycanda qalmaq və reinteqrasiya etməklə öz gələcəklərini qurmaq istəyirlər. Harutyunyanın qondarma təhlükəsizlik şurasınn iclasında verdiyi anonslar bir daha göstərir ki, hətta BMT səviyyəsində bütün resursları işə salan ermənilərə Laçın yolundan istifadə etməyə imkan verilməyəcək”.
Bu fikirləri açıqlamasında Milli Məclisin deputatı Arzu Nağıyev deyib.
O bildirib ki, hazırda Qarabağ ərazisində yaşayan erməni əhali üç kateqoriyaya bölünüb:
“Bir qrupu Azərbaycan Konstitusiyasını qəbul edərək yaşamağa hazır olanlar və bunu istəyənlərdir. İkincisi, işğal dövründə müxtəlif yerlərdən köçərək orada məskunlaşmış və bu gün gələcək perspektivlərinin olmadığını başa düşüb, oranı tərk etmək istəyənlərdir. Digər bir qisimsə separatçılardır – hansı ki, böyük cinayətlər törədiblər, Azərbaycana qarşı təxribatlarda iştirak ediblər”.
Deputatın fikrincə, separatçıların Azərbaycan tərəfinin təkliflərilə bağlı verdikləri son anonslar inandırıcı görünmür:
“Çünki Azərbaycan tərəfi ilə erməni icması arasında danışıqlar baş tutarsa və masa üzərində təsdiqlənərsə, proses öz həllini tapmış olar. Belə qərarlar verirlərsə, demək, anlayırlar ki, talelərini suveren Azərbaycana bağlamalıdırlar”.
A.Nağıyev qeyd edib ki, son müzakirələr Ermənistan və havadarları tərəfindən necə qarşılanacaq, sülhməramlı qüvvələr buna nə reaksiya verəcək – bu artıq gələcəyin işidir:
“Düşünürəm ki, onların bu addımı İrəvanla razılaşdırılıb, əks halda bu cür çıxışlar edə bilməzdilər. Vaxtilə Qarabağ ərazisində səhra komandirləri olmuş, sonralar isə Ermənistanda yüksək vəzifə tutanlar indi özlərinə qondarma siyasi partiyalar qurublar – Koçaryanlar, Sarkisyanlar, Tonoyanlar, Vanesyanlar – hamısı məsələyə şübhəsiz ki, reaksiya verəcək. Lakin tunelin sonunda işıq görünməkdədir, ipə-sapa yatmayan separatçı qüvvələr real vəziyyətlə barışırlar.
Beynəlxalq səviyyədə bu proseslər yalnız alqışlana bilər. Çünki Azərbaycan tərəfi hər hansı beynəlxalq prinsipi pozmur, müstəqil iradəsilə öz daxili məsələlərini həll edir”.
demokrat.az