Cəmiyyət 15 Mart 2023, 15:14 | Baxış sayı: 154
"İnsidentləri törədənlər sadə vətəndaşlar deyil..."

Xəbər verdiyimiz kimi, bu günlərdə paytaxt Bakıda iki silahlı insident baş verib, ölən və yaralananlar olub. Bu halın son günlərdə tez-tez baş verməsi, həmin şəxslərin silahları hardan əldə etdikləri narahatlıq doğurur.

Məsələnin təhlükəsizlik tərəfi ilə bağlı Musavat.com-a danışan millət vəkili Arzu Nağıyev hadisələri törədən şəxslərin sadə vətəndaşlar yox, kriminal ünsürlər olduğunu bildirib. A.Nağıyev bu kimi məsələlərdə hüquq-mühafizə orqanlarının üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edib.

"Bəzi sosial şəbəkələrdə bu məsələləri başa düşməyənlər hansısa silah amnistiyasından danışırlar. Guya ki, həmin silahlar cəbhə bölgəsindən - 44 günlük müharibədən sonra əldə olunmuş silahlardır. Belə bir hal mümkün deyil. Çünki həmin ərəfədə çox ciddi post-patrul nəzarəti var idi, cəbhədən silah gələ bilməzdi. Ümumiyyətlə, təklif edirəm ki, Daxili İşlər Nazirliyi, eləcə də hüquq-mühafizə orqanları istintaq əməliyyatları təşkil edib, həmin silahları ballistik ekspertizadan keçirsinlər. Belə olduğu halda o silahların hansı yollarla həmin şəxslərə çatması da öyrəniləcək. Əsas məsələ bunu aydınlaşdırmaqdır. Təbii ki, hər bir vətəndaşımızın təhlükəsizliyinin qorunması birbaşa hüquq-mühafizə orqanlarının və digərlərinin səlahiyyətidir. Amma bizim vətəndaş da gərək əsl vətəndaş olsun. Hər bir prosesdə hüquq-mühafizə orqanları ilə əlaqə saxlamalı, yaxud da hadisəylə bağlı bildiyini deməlidir. Çünki söhbət insan həyatından gedir. O son atışmada günahı olmayan hansısa tələbəyə niyə güllə dəyməli idi? Mən düşünürəm ki, hər hansı bir silahla bağlı amnistiya verilməməlidir, bu silahların necə gəlməsi hüquq-mühafizə orqanları tərəfindən ciddi şəkildə araşdırılmalıdır. Birinci Qarabağ müharibəsi vaxtı könüllü dəstələrə silahlar paylanmışdı, lakin bunun xüsusi siyahısı var idi və həmin könüllülər qayıdan zaman birmənalı şəkildə hüquq-mühafizə orqanları həmin silahları geri aldı. Lakin 44 günlük müharibədən sonra hansısa silahın gəlməsi absurd məsələdir, çünki həmin ərəfədə çox ciddi yoxlamalar var idi".

MM üzvünün sözlərinə görə, müəyyən kriminal dəstələr vasitəsilə də həmin silahlar kustar yollarla düzəldilə və belə zamanlarda üzə çıxa bilər: "Hansı silahdan istifadə olunub, bununla bağlı bir neçə maddələrlə həmin şəxslərə cinayət işi qaldırılmalıdır. Silahın qanunsuz saxlanması məsələsi də gündəmə gətirilməlidir. Məlumdur ki, ov silahları da daxil olmaqla bütün növ silahlar DİN-də qeydiyyatdan keçib. Bununla da bağlı müvafiq profilaktik tədbirlər keçirilməlidir. Heç kim kriminaldan sığortalanmayıb. Dünyanın bir çox ölkələrində belə hallara rast gəlinir. Amerikada və Rusiyada məktəblərdə tez-tez insidentlər baş verir. Hesab edirəm ki, xalq da bu məsələdə maraqlı olmalıdır. Çünki bu kimi proseslərin qarşısını almaq üçün maarifləndirmə işləri aparılması mütləqdir. Bu kimi hallar kütləviləşmədən qarşısını almaq lazımdır. Unutmayaq ki, biz müharibə gedən bölgədə yaşayırıq. Gürcüstanda da müharibədir, Rusiyada da. Azərbaycanla Ermənistan arasında olan münaqişə də tam şəkildə sovuşmayıb. Ona görə də hər birimizin ayıq sayıq olmasında fayda var".

Xəbərlər