“İnsanların səhhəti və ekologiya daha üstündür”
Xəbər verdiyimiz kimi, Baş nazir Əli Əsədovun imzaladığı yeni qərara əsasən, zavod buraxılış tarixinə görə yaşı 10 ildən çox olan minik avtomobillərinin (raritet minik avtomobilləri və gömrük ərazisinə müvəqqəti gətirilən minik avtomobilləri istisna olmaqla) Azərbaycan ərazisinə gətirilməsi məhdudlaşdırılıb. Baş nazirin bu qərarı narazılıqla qarşılanıb. Bildirilib ki, maddi baxımdan imkanlı şəxslər onsuz da həmişə son illərin istehsalı olan yeni avtomobillərə üstünlük verirdilər. İmkanı aşağı olanlar isə adətən məcbur qalıb, əsrin əvvəllərində istehsal edilən köhnə maşınları ala bilirdilər, bundan sonra isə mümkün olmayacaq.
Müzakirələrlə bağlı Pravda.az-a fikirlərini bölüşən Milli Məclisin deputatı Rüfət Quliyev deyib ki, yeni qərar yalnız Azərbaycana aid deyil.
“Bəlkə də, yüzdən yuxarı ölkədə belə qərarlar verilib. Bu da iqlimin dəyişməsi, ekoloji problemlərlə əlaqədardır. Qərarda başqa məqam axtarmağa ehtiyac yoxdur. Düzdür, müəyyən qədər təsiri olacaq. Amma insanların səhhəti və ekologiya daha üstündür və bunlar bütövlükdə cəmiyyətin, xalqın problemləridir. Mən də düşünürəm ki, bu, qaçılmaz bir addım idi. Çünki biz də müəyyən konvensiyalara, beynəxalq sazişlərə imza atırıq. Ona görə də məcburiyyət belə addımlar atmağımıza gətirib çıxarır”, - deputat bildirib.
R.Quliyev şəhərdə avtomobil sıxlığı artmayacağı baxımından yeni qərarı dəstəkləyənlərə isə belə cavab verib: “Şəhərdəki sıxlığı köhnə maşınların sayı ilə bir o qədər də bağlamaq olmaz. Tıxac problemi ən əsas Bakıdadır. Məsələn, Sumqayıtda, Mingəçevirdə, Lənkəranda bu problemlə üzləşməmişəm. Amma məsələni sıxlıqla bağlamaq düzgün deyil. Bakının özündə idarəetmə məsələsindən söhbət gedir. Gərək, sonadək planı yerinə yetirsinlər. Yeni qurumlar, çağırışlar, mexanizmlər, “Ağıllı Şəhər” (Smart City) layihəsi var, bunları istifadə etmək lazımdır. İdarəetmə kökündən dəyişməlidir”.