“İnsanlar “Azəriqaz”a minnətdarlıqlarını bildirirlər”
“Ölkədə ilk dəfə innovativ insanlarla əməkdaşlığa “Azəriqaz” İstehsalat Birliyi təşəbbüs göstərdi. “Açıq mikrofon” aksiyasının keçirilməsini dəstəkləyirəm. Seçicilərimlə, vətəndaşlarla görüşlərimdə insanlar “Azəriqaz”a minnətdarlıqlarını bildirirlər. Bir ildən çoxdur ki, “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti də bu cür aksiyalar həyata keçirir. Əsas odur ki, bu iki qurum mütəmadi olaraq bunu təşkil edir, kampaniya xarakteri daşımır. Əla təşəbbüsdür. Vətəndaşlarla açıq mikrofon bölüşmək, onların qayğılarını öyrənmək, problemlərinin həllinə çalışmaq vacibdir. Bunun nəticəsidir ki, bəzi narazılıqlar yerindəcə həllini tapır”.
Bu fikirləri açıqlamasında Milli Məclisin deputatı Rüfət Quliyev deyib.
O bildirib ki, Azərbaycan günü-gündən inkişaf edir, regionlarda əhalinin rahat yaşaması üçün lazımi şərait yaradılır:
“Şəhid və qazi ailələrindən aldığım məlumatlar da bunu təsdiq edir. Şəxsən Lənkəranda şəhid və qazi ailələrilə keçirdiyim görüşlərdə birbaşa cənab Ruslan Əliyevlə əlaqə saxlamışam. Rayonda elə kənd var ki, orada bir neçə qazi ailəsi yaşayır, onların vaxtı-vaxtında qazla təmin edilməli olduğunun vacibliyini diqqətə çatdırmışam.
“Azərişıq” da həmçinin bu kateqoriya ailələrə qarşı həssasdır. Xüsusilə qeyd etmək istəyirəm ki, Lənkəran Regional “Azəriqaz” İB və “Azərişıq” ASC-nin Lənkərandakı regional rəbhərlərinin iş metodunu çox bəyənirəm. Bəli, problemlər çoxdur, çünki insanların qayğıları, tələbləri, təklif və xahişləri artır, bu da normaldır”.
Deputat bildirib ki, ölkə Prezidentinin tapşırığı ilə bütün dövlət qurumlarının rəhbərləri mütəmadi olaraq bölgələrdə vətəndaşlarla görüşlər keçirirlər:
“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə layihə həyata keçiririk. Lənkəranda seçicilərlə görüşlər zamanı aidiyyəti qurumların rəhbərlərini dəvət edirik, vətəndaşlar birbaşa mənim yanımda işsizliklə, sosial yardım, təminat məsələləri ilə bağlı suallarını verirlər. Regionların ən böyük problemi işsizlikdir. Bunun da obyektiv və subyektiv səbəbləri var.
Mən digər dövlət qurumlarını da aktiv olmağa çağırıram. Bu gün ölkədə məmur – vətəndaş münasibətlərinin birbaşa qurulması üçün mühit var. Artıq hər dəfə deputatlara müraciət etməyə ehtiyac qalmır”.
demokrat.az