Cəmiyyət 5 Mart 2024, 15:41 | Baxış sayı: 197
“İnsana dəyər verilməlidir, vətəndaşların təhlükəsizliyi təmin olunmalıdır”

Paytaxt ətrafındakı yaşayış massivlərində sahibsiz itlərin artması insanların həyatını kabusa çevirib. Təəssüf ki, dünən daha bir azyaşlı küçə itlərinin hücumuna məruz qaldı. “Qobu Park-3” yaşayış kompleksində itlərin hücum etdiyi 9 yaşlı oğlanın vəziyyəti ağır olaraq qalır.

Milli Məclisin deputatı Fazil Mustafa açıqlamasında qeyd edib ki, bədbəxt hadisələrin qarşısını almaq üçün aidiyyəti qurumlar hərəkətə keçməlidir:  

“Bu istiqamətdə müvafiq qurumlar zəruri addımlar atmalıdır. Söhbət ilk növbədə insanların sağlamlığından gedir. Düzdür, heyvansevərlər və bu kateqoriyadan olan digər şəxslər fərqli düşünə bilərlər. Təbii ki heyvanlara qayğı göstərilməli, şəfqətli davranılmalıdır, amma insan faktoru öndə gəlməlidir. İnsana dəyər verilməlidir, vətəndaşların təhlükəsizliyi təmin  olunmalıdır. Çünki insana dəyər verilməyəndə daha çox fəsadlar ortaya çıxır. Uşaqların sağlamlığı bizim üçün vacibdir. Heç bir valideyn uşağının bu vəziyyətə düşməsini qəbul edə bilməz. Bu məsələ ətrafında ciddi tədbir görülməlidir”.

Qeyd edək ki, hadisə dünən axşam saatlarında “Qobu Park-3” yaşayış kompleksində baş verib. Yaşıdları ilə həyətdə oynayan 9 yaşlı uşaq ərazidən bir qədər aralanıb və bu vaxt küçədəki itlər ona hücum edib. TƏBİB-in məlumatına görə çoxsaylı yaralarla Kliniki Tibbi Mərkəzə çatdırılan uşağın vəziyyəti ağırdır.
demokrat.az
 

Xəbərlər