KOMİTƏ İCLASLARI 24 May 2023, 16:47 | Baxış sayı: 124
"İnflyasiyanı yalnız idxal inflyasiyası ilə əsaslandırmaq yanlışdır"

“Büdcədə proqnozlar 3 cür olur. Pessimist, optimist və cari. Bizdə proqnozlar özünü doğrultmur. Nəticələr optimist proqnozlardan belə daha optimist olur. Bununla bağlı dinləmə keçirməyə ehtiyac var”.

APA xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Əli Məsimli deyib.

Deputat bildirib ki, Azərbaycanda ərzaq məhsullarının qiyməti ötən il çox artıb: “Bizdə inflyasiya həm inkişaf etmiş, həm inkişaf etməkdə olan, həm də qlobal inflyasiyadan 1,5 dəfə çoxdur. Hökumət bütün hesabatlarda inflyasiyanı yalnız bir amillə əsaslandırır - idxal inflyasiyası. Bu isə yumşaq desək, yanlışdır. Bununla bağlı dinləmə keçirməyi təklif edirəm”.

Əli Məsimli bildirib ki, Azərbaycanda güzəştli kreditlər simvolik xarakter daşıyır: “Burada rəqəm çox azdır. Bura xarici sərmayəni də cəlb etməyə ehtiyac var. Digər tərəfdən, kəndlərdə məktəblər planlaşdırılmadan tikilir. Hesablamırlar ki, bu kənddə bu məktəb dolacaqmı, ən azı 50 il bu məktəbdə şagird oxuyacaqmı? Kəndlərdə məktəblər boş qalır. Digər problem publik hüquqi şəxslərlə bağlıdır. Bunlar yaradıldı ki, büdcəyə az yük düşsün. Amma bu baş vermədi”.

Xəbərlər