Cəmiyyət 31 Yanvar 2022, 15:12 | Baxış sayı: 194
"İnflyasiyanı müvəqqəti saxlasaq, neftin qiyməti aşağı düşəndə necə olacaq?"

"Bu gün neftin bahalaşmasına görə əldə edilən qismən artıq vəsaiti kompensiyaya üçün xərcləsək, inflyasiyanı müvəqqəti saxlasaq, neftin qiyməti aşağı düşəndə necə olacaq? Daha yaxşı olar ki, həmin əlavə mənfəəti kənd təsərrüfatının inkişafı, emal müəssisələrinin açılması, qeyri-neft sektorunun təkmilləşdirilməsi, həmçinin daha az faizli kreditlərin verilməsinə sərf edərək gələcəyi təmin edək. Müvəqqəti olaraq, cəmi 2-6 aylıq müddətdə qiymət artımının qarşısını qismən almaq effektsizdir".

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Rüfət Quliyev deyib.

Deputat bildirib ki, hazırda inflyasiya bütün dünya ölkələrində müşahidə edilir: "Amerikada 7 faiz, Avropada isə 5 faizdir. Bu, gözlənilməz göstəricidir, çünki misal üçün, inflyasiya 50-60 ildir ki, Amerikada bu həddə çatmayıb, ildə 2 faizi keçməyib. Ümumiyyətlə, inflyasiyanı neft gəlirləri ilə birbaşa əlaqələndirmək düzgün deyil. Bunlar tamamilə fərqli proseslərdir. Neftin bahalaşması, əlbəttə ki, Azərbaycanın ümumi inkişafına təkan verir. Bizim bu gün ən böyük maliyyə tələb edən layihələrimiz Qarabağla bağlıdır: orada aparılan təmir-bərpa işləri, Qarabağa qayıdışın təmin olunması və s. Azərbaycanda əsas hədəf qeyri-neft sektoruna yönəlib.

Dövlət neft gəlirlərinin müəyyən müddətdə qismən artması hesabına ərzaq məhsullarının qiymətinin azalması üçün yalnız məhdud vaxtda fərq ödəyə bilər. Vəsait çatmadıqda, neftin qiyməti düşdükdə nece olacaq? Ümumiyyətlə nəzərə almaq lazımdır ki, indi olmasa da, 3-4 ildən sonra neftin qiyməti azalmağa doğru gedəcək. Hazırda dünya ölkələri yaşıl enerji layihələrinə köklənib. Ola bilər ki, bu proqnoz 5-10 il də çəkə bilər. İstənilən halda, Azərbaycanda qeyri-neft sektoru inkişaf etdirilməlidir".

Xəbərlər