Cəmiyyət 22 Noyabr 2021, 16:41 | Baxış sayı: 287
"İndiki halda pensiya yaşının azaldılması reallığı əks etdirmir".

Deputat Tahir Rzayev Pravda.az-a müsahibəsində bildirib ki, pensiya yaşının azaldılması hal-hazırda büdcəmizə uyğun deyil, biz indi vətəndaşlarımızın dədə-baba yurduna qayıda bilməsi və onların işləyib gəlir əldə edə bilməsi haqqında düşünməliyik.

"Bütün deputat dostlarımın, həmkarlarımın fikirlərinə hörmətlə yanaşıram, lakin hesab edirəm ki, indiki halda pensiya yaşının azaldılması reallığı əks etdirmir. Reallıqlar nəzərə alınaraq qanun qəbul edilib, pensiya yaşı müəyyən edilibsə, fikrimcə, indi dəyişiklik etməyə ehtiyac yoxdur. Hazırkı reallıqda pensiya yaşının azaldılması büdcə üçün uyğun deyil. Bəzi ölkələrdə pensiya yaşı 67-68, hətta 70-dir. Nəzərə almaq lazımdır ki, vergi yükü, digər iqtisadi, hərbi və ölkənin bərpası məsələləri var. Yəni, bu işlərin həlli üçün külli miqdarda vəsait lazımdır. Bütün bunlar dövlət tərəfindən ölçülüb-biçilir, daha sonra isə qərar qəbul edilir. Bəzi təkliflərin reallaşdırılması, problemlərin həlli indiki şəraitdə mümkün deyil. Azərbaycan ötən il ən böyük problemini həll edərək torpaqlarımızı işğaldan azad edib. Hesab edirəm ki, əsas diqqəti məhz bu sahəyə yönəltmək lazımdır. Həmin ərazilərin bərpası, Qarabağa qayıdış prosesi kimi məsələlərin həlli daha vacibdir. Lazım gələrsə, öz əmək haqqılarımızdan kəsib prosesə yönəltməliyik ki, vətəndaşlar dədə-baba yurdlarına qayıda bilsinlər, şərait qurub, gəlir əldə etsinlər. Reallığa əsasən, hazırda pensiya yaşının azaldılması büdcəyə uyğun deyil. Bu, yalnız bir neçə il sonra reallaşdırıla bilər”. 

Xəbərlər