Siyasət 11 May 2023, 15:38 | Baxış sayı: 98
“İmran Xanın həbs olunması bizi düşündürür, narahat edir...”

“Pakistanın sabiq baş naziri İmran Xanın həbs olunması, əlbəttə, bizi düşündürür, narahat edir. Amma bu, Pakistan dövlətinin daxili işidir. Sözsüz ki, Azərbaycan dövləti, eləcə də Azərbaycan vətəndaşları hər hansı xarici dövlətin daxili işlərinə qarışmır, qarışmaq fikrində də deyil. Lakin istərdik ki, faktlar dəqiq araşdırılsın, İmran Xanın xidmətləri, dost ölkələrə münasibəti nəzərə alınsın, onun haqqında ədalətli qərar çıxarılsın. Çünki bildiyimizə, eşitdiyimizə, faktlara, reallığa görə, İmran Xan Pakistan xalqı üçün çox yaxşı rəhbər olub. O, hələ vəzifədə olmayanda daim xeyirxah əməlləri ilə tanınıb, kasıbların yanında olub, onlardan öz dəstəyini əsirgəməyib. Belə halda, Pakistanın rəhbər dairələri haqqın, ədalətin tərəfdarı olduqlarını nümayiş etdirməli, İmran Xan haqqında düzgün qərar verməlidirlər”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev deyib.

 

Deputat bildirib ki, Pakistan Azərbaycanla qardaş, dost dövlətdir: “Bu dövlətdə sabitliyin qorunması, insanların rahat yaşaması bizim üçün çox vacib və əhəmiyyətlidir. Ən çətin günlərimizdə Pakistan xalqı, eləcə də Pakistanın keçmiş Baş naziri İmran Xan Azərbaycanın yanında olduğunu bəyan etdi. Onlar öz dostluq, qardaşlıq ənənələrinə sadiq qaldılar. İstəyərdim ki, bu gün də belə olsun, Pakistanda inkişaf, tərəqqi təmin edilsin, qarşıdurmalar aradan qaldırılsın, Pakistan dünyada öz yerini bilən, sözünü deyən ölkə kimi tanınsın. Əlbəttə, Azərbaycan xalqının İmran Xana rəğbəti, hörməti çox böyükdür. O, 44 günlük müharibə dövründə səsləndirdiyi fikirlərlə, Azərbaycana dəstək verməklə xalqımızın qəlbində yaxşı rəhbər, haqq-ədalətin tərəfdarı kimi yer qazanıb”.

Xəbərlər