Cəmiyyət 29 Avqust 2023, 17:36 | Baxış sayı: 167
"İllik təhsil haqqı 43 min manat olan orta məktəb? — Bu, qəbuledilməzdir!"

Yeni tədris ilinin başlanmasına cəmi 16 gün qalıb. Hər kəs çalışır ki, övladı daha yaxşı təhsil alsın. Onlar bunun üçün yaxşı təhsil verən məktəbləri seçməyə çalışırlar. Bəziləri isə dövlət məktəblərində təhsilin keyfiyyətinin aşağı olmasını əsas gətirərək özəl məktəblərə üstünlük verir.

Özəl məktəblərdə təhsil dövlət məktəblərindən nəqliyyat xidməti, qidalanma, dərsdən sonra əlavə dərnək və məşğələlər, əlavə olaraq 2-3 xarici dilin öyrədilməsi və ya tədrisin yalnız xarici dildə aparılması ilə fərqlənir. Lakin bu məktəblərdə qiymətlər heç də hər kəs üçün əlçatan deyil. Valideynlər təhsilhaqlarının verilən xidmətdən çox yüksək olduğunu düşünürlər.

Məsələn, son günlər sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilən özəl məktəblərdən biri  Azərbaycan Beynəlxalq Məktəbidir (“TISA International School of Azerbaijan”) Belə ki, sözügedən məktəbin illik təhsilhaqqı 43673 manatdır.

Məsələ ilə bağlı Yenisabah.az-a danışan Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, deputat Ceyhun Məmmədov özəl məktəblərin təhsihaqının rəsmi olaraq  tənzimlənməsinə ehtiyac olduğunu bildirib:

"Azərbaycanda özəl məktəblərin qiyməti çox aktual və düşündürücü bir məsələdir. Mən hesab edirəm ki, özəl məktəblərin də təhsilhaqlarının tənzimlənməsinə ciddi ehtiyac var, bu, mənim şəxsi yanaşmamadır. Bu gün Azərbaycanda kimin ağlına nə qədər gəlirsə, təhsil haqqını da o qədər müəyyənləşdirir. Təəssüf ki, əksər dövlət məktəblərinə inam olmadığına görə, yüksək keyfiyyətli məzun təmin edə bilmədikləri üçün insanlar özəl məktəblərə meyl göstərirlər.

Özəl məktəblər qiymətin baha olmasını onunla əsaslandırırlar ki, müəllimlərin maaşı yüksəkdir, dərslikləri xaricdən alırlar və s. Lakin bu əsas vermir ki, hansısa orta məktəb illik təhsilhaqqını 40-50 min manat etsin. Bu qəbuledilməzdir! Bu yanaşma doğru deyil. Bu səbəbdən fikrimcə, təhsilhaqqı məsələsinin tənzimlənməsinə ehtiyac var".

Onun sözlərinə görə, illiyi fantastik məbləğlərlə ölçülən özəl təhsil müəssisəsilərinin üstünlükləri onlara bu cür qiymət qoymağa əsas vermir:

"Bu məsələdə digər çıxış yolu dövlət orta məktəblərində təhsilin keyfiyyətinin artırılmasıdır. Bu etməliyik ki, insanlar özəl məktəblərlə yanaşı, dövlət məktəblərində də təhsil alsınlar. İnsanlar bəzən seçilmək üçün bu addımı atırlar. Amma onu da qeyd etməliyik ki, bir sıra özəl orta təhsil məktəbləri həqiqətən keyfiyyətli təhsil verir, seçilir. Amma bu ona əsas vermir ki, belə fantastik qiymətlər müəyyənləşdirsinlər və bu məbləğin insanlardan alınması üçün müəyyən addımlar atsınlar. Bu məsələ çox həssasdır, bəzi addımların atılmasına ciddi ehtiyac var".

demokrat.az

Xəbərlər