Siyasət 6 Oktyabr 2023, 13:34 | Baxış sayı: 92
"İlham Əliyevin Qranada görüşündən imtina etməsi, elə növbəti qələbəmizin göstəricisidir"

Xəbər verdiyimiz kimiPrezident İlham Əliyev Avropa İttifaqı, Fransa və Almaniya liderlərinin iştirakı ilə Ermənistanın baş naziri Nikol Paşinyanla görüşün keçirilməli olduğu İspaniyaya getməkdən imtina edib.

Buna səbəb isə Fransanın destruktiv mövqeyi, eləcə də Paris və Berlinin Türkiyənin toplantıda iştirakı ilə bağlı fikir ayrılığıdır. Belə bir şəraitdə Azərbaycan tərəfi danışıqlar aparmaqdan imtina edib.

Dövlət başçısının Qranada görüşündən imtina etməsi ilə bağlı Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu danışdı.

O, söylədi ki, bu, artıq Qranadada Avropa Siyasi Birliyinin üçüncü sammitidir və buna qədər olan sammitlərdə Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edib.

"Praqada, Kişinyovda görüşlər keçirildi. Praqada keçirilən görüş zamanı Avropa İttifaqının mülki missiyasının Ermənistan ərazisinə göndərilməsi haqqında qərar verildi. Azərbaycan öz ərazisinə də missiyanın göndərilməsinə haqlı olaraq yox dedi. Çünki ortada reallıqlar mövcuddur. Bu missiyanın regiona göndərilməsi üçün heç bir zərurət mövcud deyildi. Yəni bu platforma başlanğıcdan Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üçün hesab edirəm ki, heç də uğurlu platforma deyildi. Kişinyovdakı görüş zamanı yeni beştərəfli görüş baş tutdu. Azərbaycan Respublikasının prezidenti, Ermənistanın baş naziri, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel, Fransa prezidenti Makron və Almaniya Federal Kansleri Şoltsun bu görüşü zamanı da Qranadada keçiriləcək görüşün anonsu verilmiş oldu. Bu görüşdən sonra Mişel bildirdi ki, Azərbaycan ərazisindəki ermənilərin hüquqları və təhlükəsizliyi, ümumiyyətlə, vəziyyəti beynəlxalq mexanizmlərin tətbiqi ilə tənzimlənməlidir. Azərbaycanın isə haqlı mövqeyi hər zaman ondan ibarət olubdur ki, bu, Azərbaycanın daxili işidir, biz bunu kimləsə müzakirə etməyəcəyik. Yəni bu görüşlərdə həm Fransanın, həm Almaniyanın iştirak etməsi, bu ölkələrin əksər hallarda, xüsusilə də Fransanı qeyd etmək lazımdır, Azərbaycana qərəzli mövqelərdən yanaşması təbii ki, bu platformanın əhəmiyyətini azaldır, heçə endirir. Arzuolunan idi ki, belə görüşdə Türkiyə prezidenti də müzakirələrdə iştirak etsin, təmsil olunsun. Bu həm də ölkəmizə qarşı əsassız siyasi hücumların da qarşısının alınmasında təsirli amil rolunu oynayardı. Lakin bildiyimiz kimi, Qərb dairələri hər zaman öz maraqlarına uyğun birtərəfli və qərəzli mövqe nümayiş etdirməyə alışıblar. Belə olan halda Türkiyə prezidentinin bu müzakirələrdə yayılan məlumatlara görə iştirakı mümkün olmamışdır, hesab edirəm ki, həm səsləndirdiyim amillər, həm də bu amil Azərbaycan Prezidentinin görüşdən imtina etməsini şərtləndirmiş oldu. Ölkə prezidenti istənilən platformada bizim haqlı maraqlarımızı inamla qorumaq iqtidarında olduğunu hər zaman nümayiş etdirib, bütün platformalarda bizim haqlı mövqelərimiz qələbə qazanmaqdadır. Hesab edirəm ki, ölkə prezidentinin bu görüşdən imtina etməsi, bizim iradəmizin, gücümüzün, elə növbəti qələbəmizin göstəricisidir".

redaktor.az

Xəbərlər