Plenar iclaslar, Qanun Layihələri 15 Fevral 2022, 15:39 | Baxış sayı: 166
İdxal olunan aksizli mallar üzrə icbari tibbi sığorta haqlarının ödənilməsinə nəzarət mexanizmi hazırlanacaq.

İdxal olunan aksizli mallar üzrə icbari tibbi sığorta haqlarının ödənilməsinə nəzarət mexanizmi hazırlanacaq.

APA-nın məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılan “Tibbi sığorta haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Qeyd edək ki, “Tibbi sığorta haqqında” qanunun 15-10.1.7-ci maddəsinə əsasən vergi ödəyiciləri tərəfindən araq, tündləşdirilmiş içkilər və tündləşdirilmiş içki materialları, likyor və likyor məmulatlarının hər litrinə görə tətbiq edilən aksiz dərəcəsinin 0,2 manatı, pivə və pivə tərkibli digər içkilərin hər litrinə görə tətbiq edilən aksiz dərəcəsinin 0,05 manatı, tütün məmulatlarının 1000 ədədinə görə tətbiq edilən aksiz dərəcəsinin 1,5 manatı və energetik içkilərin hər litrinə görə tətbiq edilən aksiz dərəcəsinin 0,1 manatı icbari tibbi sığorta haqları kimi icbari tibbi sığorta fonduna ödənilməlidir. Ancaq istehsal olunan aksizli mallar üzrə icbari tibbi sığorta haqlarının ödənilməsinə nəzarət mexanizmi “Tibbi sığorta haqqında” qanunda qeyd olunsa da, idxal olunan aksizli mallar üzrə icbari tibbi sığorta haqlarının ödənilməsinə nəzarət mexanizmi nəzərdə tutulmayıb.

Qanunun 15-11.8-ci maddəsində nəzərdə tutulan dəyişikliyin məqsədi məhz idxal olunan aksizli mallar üzrə icbari tibbi sığorta haqlarının ödənilməsinə nəzarət mexanizminin yaradılmasının təsbit edilməsidir. Beləliklə, həmin aksizli mallar idxal edildikdə, aksiz gömrük orqanları tərəfindən gömrük rüsumlarının tutulduğu qaydada tutulacaq.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Xəbərlər