Plenar iclaslar, Qanun Layihələri 15 Fevral 2022, 14:36 | Baxış sayı: 187
"İdarəetmə sadələşdirilməlidir. Biz balaca rayon formatından çıxmalıyıq”.

“Gəncə şəhərinin inzibati ərazi bölgüsündə dəyişikliklər fonunda bir sıra suallar ortaya çıxır”.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında birinci oxunuşda “Gəncə şəhərinin inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” qanuna təklif edilən dəyişikliklərin müzakirəsi zamanı 39 saylı Kəpəz birinci (Gəncə) seçki dairəsinin deputatı Müşfiq Cəfərov deyib.

O bildirib ki, Gəncənin Nizami və Kəpəz rayonlarında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şöbələri, məhkəmə, polis orqanları və s. qurumların taleyinin necə olacağı maraqlıdır: “Aidiyyəti qurumları ixtisarlara getməməyə çağırıram. Çünki bu, Gəncədə işsizlik problemini aktuallaşdıra bilər”.

Deputat Fazil Mustafa isə deyib ki, bu, gecikmiş layihədir: “Bakıda da bu dəyişikliyə getməliyik. Layihəyə əsasən, biz Nizami və Kəpəz bələdiyyələrini saxlayırıq. Bunu da ləğv etməli, Gəncə şəhər bələdiyyəsini yaratmalyıq. Bakı şəhərində də bu addımı atmalyıq. Biz illərdir qurumların funksiyasını şəxslərə görə dəyişirik. Bələdiyyənin səlahiyyətini hansısa quruma verməklə vətəndaşın problemini həll edə bilmirik. İşsizlik məsələsinə baxmaq lazımdır. Müşfiq Cəfərovun fikirlərinə qatılıram. Gəncədə işsizlik yüksək səviyyədədir. Gəncədə metro tikilməlidir. İnsanların məşğulluğunu təmin edə biləcək məsələlər hələ çözülməyib. Bu layihələri bütün respublika üzrə hazırlamalıyıq. Qəsəbələr də şəhərlərə daxil edilməlidir. Bu qədər strukturun saxlanılmasına nə ehtiyac var? İdarəetmə sadələşdirilməlidir. Biz balaca rayon formatından çıxmalıyıq”.

Xəbərlər