“İctimai televiziya Hacı Şahinin canlı yayında həm vida, həm də dəfn mərasimini nümayiş etdirib, təbliğat aparır”
“Kim bunu necə anlayır-anlasın. Azərbaycan dövləti adına bu, böyük bir biabırçılıqdır. Azərbaycanın dövlət büdcəsindən maliyyələşən İctimai Televiziya Məşədi Dadaş məscidindən dünən verilən cümə xütbəsini öz loqusu ilə “Youtube” kanalında yerləşdirib, təbliğat aparır. Təbliğatını apardığı da bir Qum məzunudur. Allah Şahin Həsənliyə rəhmət etsin, hər kəsin də inancına sayğılıyam. İndiyədək hətta ölkə parlamentinin bir komitəsinin iclasını belə canlı yayında verməyi özünə sığışdırmayan bu televiziya mərhum din xadiminin canlı yayından həm vida, həm də dəfn mərasimini nümayiş etdirdi. O halda gərək bütün məscidlərdəki cümə xütbələrindən reportaj versinlər”.
Pravda.az-ın xəbərinə görə, bunu deputat Fazil Mustafa bildirib.
“Məscidlər arasında fərq qoymanın izahını kim verə bilər? Konstitusiyamızda dinin dövlətdən ayrıldığı yazılır. O halda dövlət büdcəsindən külli miqdarda vəsait ayrılan bu televiziyanın bu cür din təbliğatının izahı varmı? Dəfələrlə vurğulamışam ki, bu televiziya “İnteraz” kanalı Azərspacedən çıxarıldıqdan sonra irançı köstəbəklərin ideoloji mərkəzinə çevrilib. Bilirəm ki, rəsmi səviyyədə bu xəbərdarlığıma əhəmiyyət verilməyəcək. Ancaq canımız dövlətin, gözümüz millətin təhlükəsizliyi bir namus borcumuz olduğundan bundan sonra da daha qətiyyətlə bu təhlükə barədə uca səslə mövqeyimizi bildirəcəyik”, - F.Mustafa qeyd edib.