Siyasət 18 Avqust 2023, 13:21 | Baxış sayı: 105
"İbadoğlu və Mənsimovun FETÖ ilə əlaqəsinin mövcudluğunu cəmiyyətimiz pisləyir"

"Azərbaycan vətəndaşı, həm də cəmiyyətdə tanınmış simalardan olan Qubad İbadoğlu və Mübariz Mənsimovun FETÖ ilə əlaqəsinin mövcudluğu ehtimalını belə cəmiyyətimiz pisləyir".

Bunu açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.

Onun sözlərinə görə, bu gün dünyada gedən proseslər onu göstərir ki, Türkiyənin güclənməsindən narahat olan qüvvələr çoxdur:

"Xüsusilə, qardaş ölkənin Azərbaycanla münasibətləri dövlətimizin daha da güclənməsi regiondakı maraqların əvvəlkindən fərqlənməsi hazırda beynəlxalq aləmdə iqtisadi və tranzit münasibətlərini kökündən dəyişir. Bir çox hegemon dövlətlərin Cənubi Qafqazdakı ağalıq cəhdlərinin qarşısına məhz qardaş ölkə sədd çəkib. FETÖ və bu kimi terror təşkilatları uzun illərdir Türkiyəni daxildən yıxmağa çalışsa da nail ola bilmir. İndi isə artıq bu terrorçular təkcə Türkiyəni deyil, bu ölkəyə yaxın olan dövlətləri də zəiflədib zərbə vurmağa çalışır".

Deputat xatırladıb ki, bu səbəbdən illərdir Azərbaycan da bu terrorçuların ölkə daxilində yayılmasına, yuva qurmasına qarşı mübarizə aparır:

"Nəzər salsaq görərik ki, Azərbaycan terrorçuların mübarizə meydanına çevrilməyən, sabitliyi pozulmayan az sayda ölkələrdəndir. Xatırladım ki, illər öncə nurçular adı altında bir qrup şəxslər də zərərsizləşdirilmişdi. Azərbaycan vətəndaşlarının belə terrorçulara qoşulması böyük məyusluq yaradır. Azərbaycan vətəndaşı, həm də cəmiyyətdə tanınmış simalardan olan Qubad İbadoğlu və Mübariz Mənsimovun FETÖ ilə əlaqəsinin mövcudluğu ehtimalını belə cəmiyyətimiz pisləyir".

"Hər kəs bilməlidir ki, Azərbaycanda təhlükəsizlik tədbirləri ən yüksək səviyyədə təşkil olunur və heç bir qruplaşma və ya şəxs kimliyindən aslı olmayaraq bu ölkədə qarşıdurma,ixtişaş və ya kiminsə marağına xidmət edən addım ata bilməz. Onu da qeyd edim ki, Azərbaycan dövləti heç bir zaman icazə verməyəcək ki, ölkədə hər hansı bir terror təşkilatı fəaliyyət göstərsin. Daima vətəndaşlarımızın təhlükəsizliyinin təmin olunması dövlətin ali məqsədi olub. Bu yolda da kimlər ki, terrorçularla əməkdaşlıq edənlər hesabat verib cəzalandırılacaq",- M.Cəfərov vurğulayıb.

report.az

Xəbərlər