İ. Yusifov: "Sahibkarlar da daha məsuliyyətli olmalıdırlar. Sahibkarlar üçün məcburi tələblər – bir fəaliyyət proqramı olmalıdır".
"Sahibkarlıq sahəsində aparılan yoxlamaların 2022 –ci il yanvarın 1-nə qədər dayandırılmasını mən də birmənalı olaraq dəstəkləyirəm və təbii ki, qanun layihəsinin lehinə səs verəcəm. Lakin gələcək işlərimiz üçün qanun layihəsi ətrafında qısaca olaraq müəyyən fikir və mülahizələrimi bildirmək istəyirəm". Bu fikirləri fevralın 23-də Milli Məclisin yaz sessiyasının növbəti plenar iclasında ikinci oxunuşda müzakirəyə çıxarılan "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə məsələnin müzakirəsi zamanı deputat İltizam Yusifov çıxışı zamanı səsləndirdi. O, qeyd etdi ki,bu gün Azərbaycanda azad, liberal bir iqtisadiyyat formalaşmaqdadır. Belə olan halda biz, sahibkarlara hörmətlə yanaşmalı, ən əsası isə onlara vergi ödəyicisi, büdcənin gəlir mənbələri kimi baxmalıyıq. Əgər biz sahibkarlıq sahəsində yoxlamaları bir neçə ildir dayandırmışiqsa, bu gün də bu yoxlamaları ilin sonuna qədər uzadırıqsa və hesab ediriksə ki, bu sahibkarlığın inkişafı üçündür, onda sual olunur ki, yoxlamaları niyə birdəfəlik ləğv etmirik? Bunun da öz səbəbləri var. Bütün dünyada olduğu kimi bizdə də Sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər vardır. Bu tələblər Azərbaycan Respublikasının qanunları və onlara uyğun digər normativ hüquqi aktlarla müəyyən olunur.
Millət vəkili xüsusi olaraq diqqətə çatdırdı ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda göstərilir ki, Yoxlamanın predmeti və məqsədi sahibkarın məcburi tələblərə riayət etməsinin qiymətləndirilməsi və onun icrasının təmin edilməsidir. Eyni zamanda Qanunda sahibkarlara kömək göstərilməsi, onların fəaliyyətinin məhdudlaşdırılmaması göstərilsə də, əslində biz bunun əksini gördük və nəticədə yoxlamaların dayandırılmasını uzatmağa məcbur oluruq. Lakin bu gün bəzi sahələrdə yoxlamalara icazə verilir. Qanun layihəsində fəaliyyətinə icazə verilən vacib və əhəmiyyətli sahələrdən biri- Əməyin mühafizəsi və texniki təhlükəsizlik sahəsindəki yoxlamalara nəzər salaq. Bü gün İstehsalatda hər hansı bir xırda xəsarət baş verir –Əmək müfəttişliyi bir yoxlama aparır, Texniki təhlükəsizlik bir yoxlama aparır, Prokurorlq əmək müfəttişliyinin rəyini gözləmir, deyir, biz ayri yoxlama aparmalıyıq. Ümumiyyətlə, bütün dünyada bu cür İstehsalat xəsarətlərinə Əmək müfəttişliyi və sosial sığorta şirkətləri baxır. Hesab edirəm ki, istehsal müəssisələrində, sahibkarlıq subyektlərində Əməyin təşkili məsələsi də müasir dövrə uyğunlaşdırılmalıdır. Misal üçün deyim ki, Dünyanın aparıcı iqtisadiyyata malik ölkələrdə istehsal müəssisələrində, sahibkarlıq subyektlərində Əməyin mühafizəsi, texniki təhlükəsizlik və işçilərin sağlamlığı məsələsi vahid bir orqanda cəmləşir və həmin istehsal müəssisələrinin, sahibkarlıq subyektlərinin rəhbərləri bu işə birbaşa cavabdehlik daşıyırlar. Lakin biz bu gün bunları ayrı-ayrı sahələrə ayıraraq hansısa, bir şöbəyə və ya işçiyə həvalə edirik. Bu cür yanaşma müasir dövrdə keçərli deyil. Yəni, format dəyişməlidir, baxış dəyişməlidir.Bu sahədə qanunların icrasında səlahiyyət dairələri kəsişməməlidir və onlar konkret olaraq müəyyənləşdirilməlidir.O cümlədən, Sahibkarlar da daha məsuliyyətli olmalıdırlar. Sahibkarlar üçün məcburi tələblər – bir fəaliyyət proqramı olmalıdır.
Dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin-su, Qaz, işıq, rabitə və s. göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərlə - Sahibkarların münasibətində İstehlakçıların, yəni sahibkarların hüquqlarının qorunması daha da gücləndirilməli, işlər və xidmətlər sahəsində sahibkarların fəaliyyəti üçün Qanunvericilik bazası təkmilləşdirilməlidir. Yoxlamalar isə inkişaf etmiş, aparıcı iqtisadiyyata malik ölkələrin praktikasına uyğun olaraq tövsiyə, audit xarakterli olmalıdır.