“Humanitar yardımın Xankəndinə çatmasına əngəl yaradılarsa...”
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AQAC) Qarabağda yaşayan erməniəsilli şəxslərin ehtiyaclarını qarşılamaq üçün Bakıdan yola saldığı humanitar yardım Ağdama çatıb.
Hazırda içərisində 40 ton un məmulatları olan iki TIR Ağdam rayonu ərazisindən Ağdam-Xankəndi yolu istiqamətinə hərəkət edir.
Məsələ ilə açıqlama verən Milli Məclisin deputatı Ceynun Məmmədov bildirib ki, Azərbaycanın öz vətəndaşlarına humanitar yardım etməsi önəmlidir.
“Qarabağda yaşayan ermənilər bizim vətəndaşlarımızdır. Odur ki, humanitar istiqamətdə atılan addımlar önəmlidir. Dövlətimiz bu məsələyə həssas yanaşır. Onlara qayğı göstəriləcək”, - deyə C.Məmmədov bildirib.
Deputat qeyd edib ki, erməni icmasının bu yardımı qəbul etməməsi onların növbəti ifşası və çirkin niyyətindən xəbər verəcək: “Həqiqətən də Qarabağda yaşayan ermənilərin humanitar yardıma ehiyacı varsa, bu yardımı qəbul edəcəklər. Əks halda onların bəynatları şoudan başqa bir şey olmayacaq.
Azərbaycanın qəbul etdiyi qərar önəmlidir. Bu qərara qarşı çıxan olarsa, humanitar yardımın ünvana çatmasına əngəl yaradılarsa, Azərbaycan lazım olan addımı atacaq. Beynəlxalq hüquqa əsasən Qarabağ Azərbaycan ərazisidir və burda yaşayanlar da Azərbaycan vətəndaşlarıdır”.
Bakıvaxtı.az