Siyasət 14 Aprel 2023, 16:31 | Baxış sayı: 115
“Hərbçimizə qarşı işgəncə faktına susanlar da bu cinayətə ortaqdır”

“Azərbaycanlı hərbi qulluqçunun Ermənistanda əsir düşməsi və ona əlləri bağlı şəkildə açıq-aydın işgəncə verilməsi, qeyri-insanı rəftara məruz qalması Ermənistanın faşist mahiyyətini bir daha təsdiqləyir. Azərbaycan XİN-in məsələyə reaksiyasında da qeyd olunduğu kimi, bu cür rəftar beynəlxalq humanitar hüquqa ziddir, tamamilə qəbuledilməzdir və beynəlxalq səviyyədə qınanılmalıdır”. Bu sözləri SİA-ya açıqlamasında deputat Könül Nurullayeva deyib.

Onun sözlərinə görə, Ermənistandan fərqli olaraq, Azərbaycan erməni əsirlərlə davranış zamanı beynəlxalq humanitar hüququn bütün norma və prinsiplərinə riayət edir: “Ermənistan İstintaq Komitəsinin rəsmi məlumatında da təsdiq olunurdu ki, Azərbaycanın təhvil verdiyi hərbçilər əsirlikdə işgəncələrə məruz qalmayıblar.

Azərbaycan Baş Prokurorluğunda qaldırılan cinayət işi əsasında hərbçimizlə qəddar və qeyri-insani rəftar edən şəxs və ya şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi istiqamətində tədbirlər görülür”.

Deputat sözlərinə belə davam edib: “Ermənistan işğal və müharibə dövründə olduğu kimi, yenə 1949-cu il Cenevrə Konvensiyaları, İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiya, beynəlxalq humanitar və insan haqları hüququndan irəli gələn digər beynəlxalq öhdəlikləri pozmaqda davam edir. Özünü insan haqlarının müdafiəçisi kimi təqdim edən beynəlxalq təşkilatlar niyə susur? Bu susqunluq özü də cinayətkarları dəstəkləmək deməkdir. Fransa, eləcə də digər havadarlar yəqin ki, bu faktı da təhrif edərək, işgəncənin guya ermənilərə qarşı törədildiyini iddia etməyə çalışacaq. Halbuki bütün aidiyyatı qurumlar , Ukraynada baş verənlərə münasibətdə olduğu kimi, ədalətli yanaşma sərgiləyərək, Ermənistana xatırlatmalıdır- “Hərbi əsirlərlə rəftar haqqında” III Cenevrə Konvensiyasını əsasən, döyüş əməliyyatlarında bilavasitə iştirak etməyən şəxslərlə bütün hallarda insani rəftar edilməlidir və hərbi əsirlər hər zaman xüsusən zorakılıq əməlləri, hədələnməkdən müdafiə olunmalıdır”

Xəbərlər