"Hər bir sosial şəbəkə platforması tənzimlənməlidir"
“Hər hansı sosial şəbəkə platformasının fəaliyyət göstərməsinin əleyhinə olmamışam, belə fikrim də yoxdur. Çünki inkişaf edirik, informasiya məkanında yaşayırıq. Lakin hər bir sosial şəbəkə platforması tənzimlənməlidir. Kimsə özünü gizlədərək, yaxud saxta profillərdən çıxış edərək insanları təhqir edir, heç bir istinad edilmədən, dəqiq mənbə göstərilmədən müxtəlif məlumatlar yayılır, qruplaşmalar yaradılır – bütün bunlar mütləq şəkildə tənzimlənməlidir. Dünya standartları var. Məsələn, düşünürəm, “Facebook”un Azərbaycanda nümayəndəliyi olmalıdır ki, hər hansı problem yarananda istənilən vaxt müraciət etmək, şikayət ünvanlamaq mümkün olsun”.
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Arzu Nağıyev deyib.
Deputat vurğulayıb ki, son vaxtlar bəzi istifadəçilər maddiyyat qazanmaq naminə “TikTok”da müxtəlif formada özünü göstərməyə, reytinq qazanmağa çalışır: “Ən ciddi məsələ budur ki, məhz müharibə gedən bölgədə, qoşunların dislokasiya məsələsi və digər proseslərdə bundan həm düşmənin xüsusi xidmət orqanları, eyni zamanda onlara xidmət edən şəxslər istifadə edirlər. Bunun acı nəticələrini də görürük. Bu səbəbdən, sosial şəbəkələr birmənalı şəkildə tənzimlənməlidir. Çünki bəziləri sosial şəbəkələrdən öz məkirli siyasətlərin yeritmək, məqsədlərinə çatmaq üçün istifadə edirlər. Qanuni şəkildə bütün sosial şəbəkə platformalarında məhdudiyyət olmalı, tənzimlənməlidir. Əks təqdirdə xaos yaranır. Sonda isə bu, həmin sosial şəbəkə platormasının bağlanması ilə nəticələnir. Təbii ki, hər bir sosial şəbəkə platformasının istifadəçiləri var. Son vaxtlar adı, soyadı və digər şəxsi məlumatları barədə dəqiq olmayan məlumatlar yerləşdirməklə sosial şəbəkələrdə qeydiyyatdan keçirlər. Bütün bu proseslərə aydınlıq gətirmək lazımdır. Yeni qanun layihəsi də gündəmdədir. Bu məsələyə dəqiq nə vaxt baxılacağı ilə bağlı konkret vaxt demək mümkün deyil. Lakin qanunla tənzimlənsə, bu proseslər öz məntiqi sonluğunu tapacaq”.