Cəmiyyət 28 İyul 2022, 13:20 | Baxış sayı: 216
"Hər bir məmur ölkə başçısı tərəfindən yaradılan şəraitdən maksimum faydalanmalıdır".

“Cənab Prezident İlham Əliyev Masallı, Göygöl, Lerik rayonlarının yeni icra başçılarını qəbul edərkən çox vacib məqamlara toxundu. Bunlardan biri rayonlardakı abadlıq-quruculuq, infrastruktur layihələrin geniş vüsət alması idi. Hazırda, demək olar ki, ölkədə paralel şəkildə bərpa işləri davam edir, yəni tək diqqət mərkəzində Qarabağ deyil, bərpası lazım olan bütün regionlara diqqət və vəsait ayrılır. İcra başçılarının əsas devizi məhz ölkə başçısının tapşırıqları olmalıdır. Nəinki icra başçıları, bütün məmurlar vətəndaş narazılıqlarının qarşısını almaq üçün çalışmalıdır. Göygöl, Lerik və Masallı turizm potensialı olduqca yüksək olan ərazilərdir. Hər üç rayonda yol infrastrukturu yenilənib və bu gün də işlər davam edir”.

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.

Deputat xatırladıb ki, cəna Prezident görüşdə xarici investorların cəlb olunmasının da vacibliyini vurğulayıb: “Artıq, demək olar, bu gün xarici ölkələrlə əlaqələr yüksək səviyyədədir. Şəhər və rayonlarımız da bir çox beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi edəcək potensiala malikdir. Pandemiyanın ən çətin günlərinin də getdikcə başa çatdığını nəzərə alsaq, icra orqanları xarici ölkələrin nümayəndələrinin iştirakı ilə mədəniyyət, idman, kənd təsərrüfatı  və başqa sahələrdə müəyyən  tədbirlər təşkil edib, həm turist axınını artıra, həm də xarici şirkətlərin nümayəndələrini cəlb edə bilərlər. Xarici investorları ölkəmizə dəvət edib, onlarda bölgələrin real mənzərəsi haqda tam təsəvvür yaradılmalıdır. Çünki onlar hansısa ölkəyə investisiya qoymaq istəyəndə həmin ölkəni tam öyrənirlər, ölkənin hərtərəfli imicini nəzərə alırlar”.

M.Cəfərli bildirib ki, ölkə başçısının şəhid ailələri və qazilərlə bağlı tapşırığı bütün struktura ünvanlanmış kimi qiymətləndirilməlidir: “Hər kəs tərəfindən buna əməl olunmalıdır. Azərbaycan hökuməti bir tərəfdən Qarabağda quruculuq işləri həyata keçirir, ata-baba yurdlarından didərgin düşən sakinlərimizi öz doğma torpaqlarına qaytarır, digər tərəfdən də şəhid ailələri və qazilərin bütün ehtiyaclarının ödənilməsi üçün müvafiq qanun və qərarlar qəbul edir. Hər bir məmur ölkə başçısı tərəfindən yaradılan bu şəraitdən maksimum faydalanıb, vətəndaş məmnunluğunu təmin etməli, dövlətin inkişafına öz töhfəsini verməlidir”.

Xəbərlər