Cəmiyyət 17 Fevral 2022, 12:49 | Baxış sayı: 214
"Hər ailəyə “uşaqpulu” təyin edilməsi ilə razı deyiləm, çünki bəzi ailələrin həmin vəsaitə ehtiyacı yoxdur".

““Uşaqpulu” məsələsi Milli Məclisdə dəfələrlə müzakirə edilib. Mən də qeyd etmişəm ki, doğrudan da, imkanı az olan, aztəminatlı ailələr üçün “uşaqpulu”nun verilməsinin tərəfdarıyam. Lakin hər ailəyə “uşaqpulu” təyin edilməsi ilə razı deyiləm, çünki bəzi ailələrin həmin vəsaitə ehtiyacı yoxdur. Bir çox ailələrdə hər iki valideyn işləyir və dövlətdən aldıqları müəyyən qədər əmək haqqı övladlarının ehtiyaclarını qarşılamaq üçün kifayət edir. Bəzi ailələrdə isə ailənin cəmi bir üzvü işləyir və uşaqların sayı çoxdur”.

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev deyib.

Deputat qeyd edib ki, imkanlı, yüksək əmək haqqı alan ailələr deyil, aztəminatlı ailələr "uşaqpulu" ilə təmin edilsə, yaxşı olardı: "Bu, həm də sosial ədalət prinsipinin qorunmasına zəmanət verir. Bu gün dövlət onsuz da uşaqlara da, analara da lazım olan qayğını göstərir. Amma bu, bizim imkanlarımız daxilində olmalıdır. Bəziləri dövlətin gəlirləri və çıxarlarını hesablamadan əməkhaqlarının, pensiyaların bir neçə dəfə artırılmasını, ailələrə “uşaqpulu”nun verilməsini, eləcə də digər sosial tədbirlərin həyata keçirilməsini gündəmə gətirirlər. Nəzərə almaq lazımdır ki, bunun üçün büdcədə lazımi qədər vəsait olmalıdır. Ola bilər ki, bir neçə ildən sonra qeyd edilən sosial ödənişlər, hətta 3 dəfəyə qədər artırıla bilər. İndiki şəraitdə isə dövlət daha çox vəsaiti ordunun güclənməsi və işğaldan azad edilmiş ərazilərin bərpasına yönəldib. Mən də istərdim ki, aztəminatlı ailələrə verilən sosial ödənişlərin, əməkhaqlarının məbləği daha çox olsun, lakin buna imkan olmadığı üçün ölçüb-biçmək lazımdır. Eynilə, "uşaqpulu"nun verilməsini də bu baxımdan təhlil etmək lazımdır. Mən tərəfdarıyam ki, imkansız ailələrə daim göstərilən dövlət qayğısı artırılsın və onlara "uşaqpulu" təyin edilsin. Həmin vəsaitin də uşaqlara sərf edilməsi vacib məsələdir. Fikrimcə, biz hər birimiz- deputatlar, iş adamları, sahibkarlar belə imkansız ailələrə dəstək verməliyik".

Xəbərlər