Siyasət 20 Aprel 2023, 18:17 | Baxış sayı: 168
"Hökumətin əsas diqqəti şəhid ailələri, qazilər və müharibə veteranlarının təminatıdır"

"Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən daha 100 mənzil və fərdi yaşayış evi şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə, həmçinin digər imtiyazlı şəxslərə təqdim edilib. Ölkəmizdə şəhid ailələri və qazilərin mənzil və fərdi yaşayış evləri ilə təminatı proqramına ötən əsrin 90-cı illərində Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə başlanılıb. Bu gün bu həssas kateqoriyaya olan diqqət və qayğı cənab Prezidentin tapşırığı ilə daha da geniş proqramı əhatə edir". 

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib. 

Deputat bildirib ki, xüsusilə İkinci Qarabağ müharibəsindən sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən icra olunan sosial dəstək paketi çərçivəsində mənzil və fərdi yaşayış evləri təminat proqramı 5 dəfə genişlənib:

"2021-ci ilin əvvəlindən İkinci Qarabağ müharibəsi şəhidlərinin ailələri və həmin müharibə ilə əlaqədar əlilliyi olanlar da mənzillə təmin olunur. Rəsmi statiskaya görə isə Vətən müharibəsindən sonra şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 4660, bu il 160, ümumilikdə ötən dövrdə 13460 mənzil və fərdi yaşayış evi verilib. 

Təbii ki, onlara olunan imtiyazlar ev və ya mənzillə bitmir. Məlumdur ki, Azərbaycan hökumətinin əsas diqqəti və məramı vətəndaş rifahının, xüsusilə şəhid ailələri, qazilər və müharibə veteranlarının təminatıdır. Müharibədən 2 il keçməsinə baxmyaraq Qarabağda həyat başlayıb, bərpa işləri sürətlə həyata keçirilir. 

Həmçinin, digər tərəfdən də şəhid ailələri, müharibə iştirakçıları və qazilərə lazımi dəstəklər edilir. Mən deyərdim ki, Azərbaycan dövləti daima bu siyasətini davam etdirəcək, hətta ildən-ilə bu dəstək proqramları daha da genişləndiriləcək. 

Mən özüm Milli Məclisdə şəhid ailələrinə olan dəstəyin artırılması üçün bir neçə təkliflə çıxış etmişəm. Eyni zamanda digər həmkarlarımın da təklif və proqramlarla çıxışları olub".

Xəbərlər