"Həkimlərin süni surətdə 5 ildən bir imtahan edilməsi mənasızdır"
Bəzən attestasiya keçirənlərin bilik səviyyəsi iş üçün müraciət edənlərin bilik səviyyəsindən aşağı olur.
APA xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib.
Deputat bildirib ki, əgər ölkədə icbari tibbi sığorta varsa, həkimlər üçün sertifkatlaşmanın tətbiq olunması mənasız bir şeyə çevrilir: “Bu, həkimə güvənməməyə səbəb olur. Biz müəllimlərin sertifikasiyası ilə bağlı burada qanun qəbul etdik, 60 yaşdan yuxarı müəllimlər üçün bunu könüllü etdik. Biz həkimlərlə bağlı da buna getməliyik. Həkimlərin süni surətdə 5 ildən bir imtahan edilməsi mənasızdır. Qoy onlar da 60 yaşdan sonra sertifikasiyadan azad olunsunlar. Sanki həkimlər bunun sıxıntısı içindədirlər. Həkimlər üçün ən yaxşı icbari tibbi sığortadır. Çox işləyən həkim çox maaş alacaq, az işləyən az. 5 ildən bir bu həkimin biliyi artmır ki?! Həkimdən razı qalanlar ona çox pul da verəcək. Təklif edirəm ki, müvafiq komitə bu məsələyə baxsın”.