Hesab edirəm ki, "80 manat dəyərində müəyyən edilmiş Prezident təqaüdünün həmin şəxslərə verilməsi təqdirəlayiqdir".
"Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə "müharibə veteranı" adının verilməsi ilə bağlı Prezident İlham Əliyevin 29 dekabr tarixli müvafiq sərəncamı var. Həmin sərəncamda göstərilən əsas məqam ötən ilin sentyabrın 27-dən noyabrın 10-dək Vətən müharibəsində istirak edənlərin mütləq şəkildə müəyyən edilməsi və məsələnin "Veteranlar haqqında" Qanuna uyğun olaraq tənzimlənməsidir. Sərəncama əsasən, müharibə veteranlarına Prezident təqaüdü təqdim ediləcək. Bu, olduqca humanist addımdır. Nəzərə almaq lazımdır ki, "müharibə veteranı" olmaq böyük şərəfdir. Ümumiyyətlə son vaxtlar əhalinin həssas təbəqəsi ilə bağlı məsələlərin öz həllini tapması, icra prosesinin intensivləşməsi diqqətdən yayınmır".
Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Arzu Nağıyev deyib.
Deputat qeyd edib ki, ötən gün imzalanan sərəncam cənab Prezidentin sosial istiqamətdə atdığı ən mühüm addımlardan biridir.
"Sərəncama əsasən, sənədin birinci hissəsində nəzərdə tutulmuş şəxslərin kateqoriyaları hazırlanmalı, müharibədə iştirak etmiş silahlı birləşmələrin iştirakçıları müəyyən edilməli və məlumatlar 2022-ci ilin yanvarın 1-dən etibarən həmin şəxslərə "müharibə veteranı" adının verilməsi ilə bağlı Müdafiə Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Zəfər" altsisteminə daxil edilməlidir. Bu, Nazirlər Kabinetinə verilmiş göstərişdir. Eyni zamanda, sərəncamda göstərilir ki, Xarici Kəşfiyyat Xidməti və Dövlət Təhlükəsizlik Xidməti də sənədin birinci hissəsində nəzərdə tutulmuş şəxslərin siyahısını müəyyən edərək 2022-ci ilin yanvarın 1-dən etibarən Nazirlər Kabineti ilə razılaşdırmalı və "müharibə veteranı" vəsiqələrinin verilməsi ilə bağlı məsələləri həll etməli, müvafiq kağız və elektron daşıyıcıları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim erməlidirlər. Sərəncamın məzmunu çox mühümdür. Həmin sərəncamla İkinci Qarabağ müharibəsi veteranları tam şəkildə müəyyən ediləcək. Hesab edirəm ki, 80 manat dəyərində müəyyən edilmiş Prezident təqaüdünün həmin şəxslərə verilməsi təqdirəlayiqdir. Prezidentin sərəncamına uyğun olaraq büdcədən vəsait də ayrılıb. Beləliklə, həmin büdcə vəsaiti ilə sərəncamın icrasına başlanılacaq".