“Heç kim Azərbaycanın xarici siyasətinin formalaşmasına təsir edə bilməz”
“Xarici siyasət ümumi maraqlardan qaynaqlanır. Azərbaycanla Rusiyanın münasibətlərində də söhbət Qarabağdan, Ermənistan-Azərbaycan məsələsinin həllindən gedirsə, nəzərə almalıyıq ki, 2020-ci ilin 10 noyabr sazişində üç dövlətin imzası var. Hər bir dövlət rəhbəri də imzasına hörmətlə yanaşmalıdır. Bu məsələnin çözülməsində, təbii ki, Rusiyanın da öz rolu var və bu rolu mütləq şəkildə nəzərə almaq lazımdır. Unutmaq olmaz ki, bu gün Rusiyanın sülhməramlı qüvvələri məhz Qarabağ ərazisindədir və müvəqqəti də olsalar, onlar həmin ərazilərdə şəraitə nəzarəti davam etdirirlər”.
Bu sözləri Pravda.az-a Milli Məclisin deputatı Arzu Nağıyev xarici işlər naziri Ceyhun Bayramovun “Azərbaycan Ermənistanla normallaşma prosesində Rusiyanın rolunu yüksək qiymətləndirir” ifadəsinin tənqid olunmasına münasibət bildirərkən deyib.
Deputat vurğulayıb ki, Azərbaycanın Rusiya ilə iqtisadi, siyasi, hərbi baxımdan əməkdaşlığı var: “Həmçinin Rusiyada çoxsaylı azərbaycanlılar yaşayır. Bütün bunların hamısı nəzərə alınmalıdır. Bu gün “Rusiya yoxdur” demək olarmı? İstər Xarici İşlər Nazirliyinin bəyənatında, istər digər istiqamətdə bunların hamısı ciddi şəkildə nəzərə alınır. Qarabağ ərazisində Türkiyə-Rusiya monitorinq mərkəzi fəaliyyət göstərir. Bütün dost dövlətlərlə yanaşı, digər dövlətlərin də marağından çıxış edərək xarici siyasətimizi formalaşdırırıq və dönməz xarici siyasətimiz var. Heç kim Azərbaycanın xarici siyasətinin formalaşmasına təsir edə bilməz. Son vaxtlar qonşu dövlətlərin də münasibətlərindən əmin olduq. Hər bir dövlətin adekvat cavabı verilir...”
Arzu Nağıyev Azərbaycan və Rusiyanın Xarici İşlər Nazirlikləri arasında imzalanan 2023-2024-cü illər üçün siyasi Məsləhətləşmələr Planının tənqid olunmasına da fikir bildirib: “Burada söhbət birmənalı şəkildə kimdənsə məsləhət almaqdan yox, razılaşdırılmış məsələlərin həllindən gedir. Hər iki ölkənin XİN-i arasında məsləhətləşmələr, münasibətlər də var. Bunu inkar etmək doğru yanaşma deyil”.