Siyasət 4 Aprel 2024, 18:38 | Baxış sayı: 46
"Heç bir qüvvə Azərbaycanla Türkiyə arasına girə bilməz"

Milli Məclisin deputatı Rasim Musabəyov heç bir qüvvənin Azərbaycanla Türkiyənin arasına girmək iqtidarında olmadığını bildirib. O, açıqlamasında deyib ki, Qərbin Ermənistana ənənəvi dəstəyi bu gün də müşahidə edilir:

 

“Xatırlatmaq yerinə düşər ki, vaxtilə Azərbaycandan gizli Surix protokolları hazırlanmışdı. Bu protokolu imzalamaq üçün də Avropa İttifaqının ən məsul şəxslərindən biri olan Mogerini, ABŞ dövlət katibi Hilari Klinton, Fransa və Rusiyanın xarici işlər nazirləri gəlmişdilər. Hesab edirdilər ki, bu protokolun imzalanması ilə Azərbaycan bölgədə təklənəcək və Ermənistanın iddiaları ilə razılaşmalı olacaq. Lakin bunun tam əksi oldu.Azərbaycan bu prosesə öz etirazını bildirdi. Türkiyə də öz qardaşlıq borcunu anlayaraq həmin qərarı arxivə göndərərdi və bəyan etdi ki, Azərbaycanla münasibətləri normallaşmayana qədər Ermənistanla sərhədləri açmayacaq, həmçinin, onunla əlaqələri bərpa etməyəcək”.

 

Deputat xatırladıb ki, bu gün isə Azərbaycanın Türkiyə ilə yüksək səviyyədə hərbi-siyasi müttəfiqliyi var: “Bütün bunların fonunda hansısa tərəflər Azərbaycan və Türkiyəni dilə tutmaqla Ermənistan üçün əlverişli şərait yaradılacağına ümidlənərək vaxt itirib, özlərini aldadmasınlar”.

 

“Türkiyə nə üçün münasibətlərin normallaşması üçün birtərəfli addımlar atmalıdır? Bunun üçün heç bir əsas və zərurət yoxdur. Sözügedən məsələdə ehtiyac sahibi Ermənistandır. O da özünü düzgün aparıb Azərbaqycaqnla sülh müqaviləsini imzalamalı, ona təklif olunan şəkildə Zəngəzur dəhlizindən istifadəyə maneə yaratmamalıdır. Bundan sonra həm Türkiyə, həm də Azərbaycanla sərhədlərin açılmasında problem qalmayacaq. Ermənistan özünü saldığı "dalan"dan ancaq bu yolla çıxara bilər” - deyə Milli Məclisin üzvü vurğulayıb.

 

R.Musabəyovun fikrincə, bu cür məsələləri Türkiyə və Ermənistan arasında müzakirəyə çıxararaq, Azərbaycanla danışıqları çətinləşdirmək mümkün olmayacaq: “Azərbaycanla Türkiyə arasında etibarlı münasibətlər var və heç bir qüvvə bu iki qardaş, müttəfiq ölkənin arasına girə bilməz".

report.az

Xəbərlər