Cəmiyyət 12 İyun 2023, 15:38 | Baxış sayı: 86
“Hədiyyəni bu cür təqdim etmək xoşagələn aura yaratmır”

Hədiyyəni bu cür təqdim etmək xoşagələn aura yaratmır — Deputat müəlliməyə qızıl verilməsindən DANIŞDI

Xəbər verdiyimiz kimi, ötən gün Xırdalan şəhəri 1 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Yaqut Ağamalıyevaya qızıl hədiyyə edilməsi ilə bağlı video görüntülər sosial şəbəkədə yayıldı. Bu isə cəmiyyətdə birmənalı qarşılanmadı. Hətta, bu hadisədə müəlliməni də, valideyni də qınadılar.

Məsələ ilə bağlı Milli Məclisin deputatı Fazil Mustafa Demokrat.az-a açıqlamasında bildirib ki, uşaqların gözü qarşısında müəllimə belə bir hədiyyənin verilməsi etik cəhətdən doğru deyil. 

"Ola bilsin ki, heç bu müəllim belə bir hədiyyəni tələb etməyib. Ümumiyyətlə, əksər məktəblərdə bir çox hallarda heç rüşvət tələb olunmasa belə, valideyn özlüyündə fikirləşir ki, bu pulu verməsə uşağına diqqət göstərilməyəcək. Bu da ümumi savadsızlığın, ümumi səviyyəsizliyin bir görüntüsüdür və məktəbin çox vaxt problemlərini yaradan məhz bu cür valideynlərdir. 

Düzdür, hamını buna şamil etmək doğru deyil, amma irəli düşən, müəyyən dərəcədə özünü gözə soxmağa çalışan, sanki uşağının taleyi müəllimə bu cür hədiyyələr verməklə həll olunacaq deyə, başqa valideynlərdən də pul yığmağa çalışan bir sıra aktiv şəxslərin günahı daha böyükdür". 

Deputat qeyd edib ki, müəllim də öz növbəsində bu vəziyyətə imkan yaratmamalı idi:

"Belə bir hədiyyəni də bu formada qəbul etməməli idi. Hesab edirəm ki, bunu xüsusi bir müəllimə qarşı bir linç kampaniyasına çevirmək də doğru deyil. Əksinə, bunu valideynlərə qarşı bir linç kampaniyasına çevirmək lazımdır. Valideyn anlamalıdır ki, müəllimə hər hansı bir şəkildə bu cür hədiyyə təqdim etməyə lüzum yoxdur. 

Ümumiyyətlə, bizdə məzun günü və s. kimi mərasimlərin özünə də xüsusi diqqət yetirmək lazımdır. Uşaqları hansısa bir kitab oxumaq, oxu müsabiqəsi ətrafında toplamaq ənənəsinə qayıtmaq lazımdır. Yoxsa hər il qurtaranda bu cür əlavə vəsait yığıb uşaqları tədbirlərə dəvət etmək və burada da bu formal tədbirləri keçirmək uşağın yaddaşında heç bir iz buraxmır. Daha çox bilgi, təhsil, oxumaqla bağlı uşağın yaddaşında iz buraxacaq tədbirlər, mərasimlər keçirmək məncə, daha doğru olar".

Fazil Mustafa deyib ki,  bütövlükdə təhsilimizin və cəmiyyətimizin vəziyyəti bilavasitə düz mütənasib idi:

“Yəni, hansı sahədə bu cür səviyyəsizlik əvvəllər biz müşahidə etmirdik. Biz istər idman, təhsil, mədəniyyət və bütün sahələrdə eyni problemləri yaşamaqdayıq. Ona görə kompleks bu məsələləri həll etməliyik. Baxın, əsas məsələ məktəblərdə narkomaniyaya qarşı mübarizəni gücləndirməkdir. Ölkədə narko ekspertlərin sayı isə  kifayət deyil. Yəni bu sahədə mütəxəssislərin hazırlanmasına diqqət yetirməliyik ki, ən azı insanları maarifləndirmə işi gücləndirilsin. Ən böyük bəlalarımızdan biri budur. Pis vərdişlər, siqaret, müəyyən dərəcədə qeyri-əxlaqi davranışlarla bağlı problemlər var. Ona görə də biz bu kimi məsələləri daha çox gündəmə gətirməliyik. Onun üzərində başımızı sındırmalıyıq. Bu kimi məsələlər hər halda xoşagələn bir mənzərə deyil.

Ümumiyyətlə, hədiyyəni bu cür təqdim etmək özü xoşagələn bir aura yaratmır. Yəni  müəllim yaxşı səviyyədə yaşamaya bilər, dolanmaya bilər, problemləri də çox ola bilər. Müəllimi də bu cür hədəfə çevirməyin özü də müəyyən dərəcədə bir etinasızlıq yaradır. Əslində, müəllimə etinasızlıq yaradan amilləri ortadan qaldırmalıyıq. Kimisə cəzalandırmaqla da bu edilmir. Yəni müəllimə normal şərtlər daxilində yaşamını görə biləcək səviyyədə maaş verilir, imkan yaradılır ki, onun bu cür hədiyyələrə ehtiyacı qalmasın. Daha hazırlıqlı səviyyəli müəllimlər açığı bu cür addımlardan imtina edirlər. Həmçinin, bunu çəkib və tirajlamaq da xoşagələn bir durum deyil".

Xəbərlər