Ümumi 19 İyun 2023, 17:30 | Baxış sayı: 170
“Hansısa ciddi səbəb olmasa, dövlət niyə dünyasını dəyişənlərin Qarabağda dəfn olunmalarına icazə verməsin?”

Xəbər verdiyimiz kimi, Kəlbəcərin Başlıbel kəndində anadan olan Moderator.az saytının baş redaktoru Zülfüqar Hüseynzadə doğma yurdunda deyil, Bərdədə dəfn olunub. Dünyasını dəyişən, əslən Qarabağdan olan vətəndaşların öz dədə-baba yurdlarında dəfn edilmələrinə icazə verilməməsi məsələsi yenidən gündəmə gəlib. Bildirirlər ki, 30 il yurd həsrəti ilə yaşayanlara bu imkan verilməli, onlar öz doğmalarını Qarabağda dəfn etməlidirlər…

 

Məsələ ilə bağlı Pravda.az-a açıqlama verən Milli Məclisin deputatı Ceyhun Məmmədov isə deyib ki, bu cür yanaşma doğru deyil.

 

“Zülfüqar Hüseynzadənin yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Hər birimizin arzusudur ki, öz doğalarımızı ata-baba yurdlarında dəfn edək. Bir müddət bundan əvvəl mənim də valideynim dünyasını dəyişdi. Mən də çox götür-qoy etdim. Hələ ki “Böyük Qayıdış” yekunlaşmadığı, eyni  zamanda mina təhlükəsinin mövcudluğu üçün bununla bağlı hansısa addımın atılmasına ehtiyac yoxdur. Ən doğru qərar budur. İnsanlar anlamalıdırlar ki, bu gün yüz minlərlə insan istəyir ki, vəfat edən doğmaları işğaldan azad olunmuş ərazilərdə dəfn olunsun. Bir nəfərə şərait yaradıb, digərlərinə yaratmamaq düzgün olmazdı, ədalətsiz addım olardı. Əgər işğaldan azad olunmuş ərazilərdə dəfnə icazə veriləcəksə, hamıya icazə verilməlidir. Əks halda ayrıseçkilik olmamalıdır. Bu gün həmin ərazilərdə mina təhlükəsi hələ də qalır. Bu, o deməkdir ki, Zülfüqar Hüseynzadə Kəlbəcərdə dəfn olunsa, onun doğmaları, yaxınları  məzarını ziyarət edə bilməyəcəklər. Buna icazə verilsə, mina təhlükəsi ilə üz-üzə qala bilərlər. Düşünürəm, emosiyaya qapılaraq bu cür açıqlamalar verməyə, münasibət bildirməyə ehtiyac yoxdur. İnsanların ən qısa zamanda Qarabağa qayıtmasını, bunu üçün şərait yaradılmasını istəyən cənab Prezidentdir və bu istiqamətdə bütün addımları atır. Biz isə hazırkı dönəmdə bunu edə bilmirik. Edə bilməməyimizin bir sıra çox ciddi səbəbləri var. İnsanlar bunu anlayışla qarşılamalıdırlar. Hansısa ciddi səbəb, maneə olmasa, dövlət niyə dünyasını dəyişənlərin Qarabağda dəfn olunmalarına, insanların öz doğmalarının məzarlarını ziyarət etmələrinə icazə verməsin? Səbirli olmalıyıq. İnsanlarımız bu məsələlərə soyuq başla yanaşmalı, emosiyaya qapılmamalıdırlar”, - deputat bildirib.

Xəbərlər