Cəmiyyət 3 May 2023, 13:29 | Baxış sayı: 171
"Hamıya deyirəm, hansısa şikayətiniz varsa, Milli Məclisin deputatı Rüfət Quliyevin adına elektron formada ərizə yazın"

“Ötən gün “Bakı İnşaat” MMC ilə əlaqədar Milli Məclisin plenar iclasında çıxış etdim. Məndə konkret ərizə var. Bu çıxışımdan sonra mənə onlarla telefon zəngi edildi. Sən demə, bunların başqa qəbahət işləri də var. Hamıya deyirəm, hansısa şikayətiniz varsa, Milli Məclisin deputatı Rüfət Quliyevin adına elektron formada ərizə yazın. Ərizə olduğu halda, bu məsələ ilə dəqiq məşğul olmaq olur. Təbii ki, bunun sonu məhkəmədir. Düşünürəm, tikinti şirkətlərinə tikinti aparmaları üçün icazə verən, həmin şirkətlərin daha çox çəkindikləri, onsuz daşı-daş üstünə qoya bilmədikləri dövlət orqanı Dövlət Şəhərsalma və Arxitektura Komitəsidir. Komitədən xahiş etmək, yaxud məsələ qaldırmaq lazımdır ki, sona qədər bu məsələyə nəzarət etsin. Təklif edirəm ki, sakinlərlə tikinti şirkətləri arasında imzalanan müqavilənin bir nüsxəsi də Komitədə olsun. İnsanlar bilsinlər ki, problem olanda hara müraciət edə bilərlər. Şərtlərə uyğun olaraq Komitə məcbur etsin ki, tikinti şirkətləri - bu, təkcə “Bakı İnşaat” MMC-yə aid deyil - verilən sözə, müqavilədə yazılan şərtlərə tam əməl etsinlər, ikitərəfli oxumaqlar olmasın, fərqli fikir yaranmasın”.

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Rüfət Quliyev deyib.

Deputat bildirib ki, hansısa şirkət, o cümlədən “Bakı İnşaat” MMC öhdəliklərini yerinə yetirmirsə, tikinti işləri dərhal dayandırılmalıdır: “Təkcə şikayət olan ərazidə yox, bütün ərazilərdə bu şirkətin tikinti işləri dayandırılmalıdır. Tələb olunmalıdır ki, öhdəliklərini tam həyata keçirsin. On yerdə bina tikirsə, yeddi yerdə normal, sürətlə tikir, digər üç yerdə problem varsa, deməli, məcbur etmək lazımdır ki, həmin üç yerin də problemi həll olunsun. Yalnız bundan sonra şirkət öz tikinti işlərinə davam edə bilsin. Başqa yol görmürəm. Bunlara başqa order təsir edəcək, ya yox, düşünə bilmirəm. Belə fırıldaqçı şirkətlərin, işbazların, insanları incidənlərin fəaliyyətinə son qoymaq lazımdır. Bəli, sonu məhkəmədir, amma hamımız bilirik ki, elə olur, məhkəmə illərlə çəkir. Bir çox faktlar var ki, məhkəmə qərarının icrası ilə əlaqədar problemlər yaranır, bu da illərlə çəkir. Sonda insanların pulları faktiki batır. İnsanlar əziyyət çəkirlər, evsiz-eşiksiz qalırlar. Tikinti materiallarının qiyməti qalxır deyə sonda tikinti şirkəti deyir ki, işi başa çatdıra bilməyəcəyəm, 20-50 min pul götürmüşəmsə, geri qaytarıram. Amma nəticədə şirkətin əvvəlki illərdə götürdüyü pulla indiki əməkhaqları, bahalaşma arasında kifayət qədər fərq olur, inflyasiya öz təsirini göstərir. Sonda kim uduzur? Sadə insanlar. Ona görə də bu təkliflə çıxış edəcəyəm. Başa düşürəm, bazar iqtisadiyyatıdır. Amma belə formada insanları incitmək olmaz. Ola bilər ki, binanı bir-iki ay gec tikib versinlər, bu, mümkündür. Lakin aylarla, illərlə uzatmaq düzgün deyil. “Bakı İnşaat” MMC-nin rəhbərinin də adını çəkmişəm. Ərizə var və buna reaksiya verməliyik. Qoy bilsinlər. “Bakı İnşaat” MMC hələ Ramazan bayramında bölüşür ki, ucuz qiymətə tikə bilərik və s. Bu, arsızlıqdır, ya bilmirəm nədir. Şirkətin müdiri niyə qaçır? Köməkçim Bəxtiyar müəllim gün ərzində beş dəfə zəng vurur, amma şirkət rəhbəri dəstəyi qaldırmır, telefonu açmır. Niyə gizlənir? Yenə şikayət ərizələri gəlib. Ərizələr gələ-gələ mən də silahımı yerə qoymayacağam. Məsələni ictimailəşdirəcəyəm, dövlət orqanlarına da müraciət edəcəyəm. Belə məsələləri həll etmək lazımdır. Media da işə qarışanda ictimai qınaq yaranır və insanlar bilirlər ki, hansı şirkətlə işləmək olar, hansı şirkətlə münasibəti qurmağa dəyməz”.

 

Qeyd: Son zamanlar mətbuatda və sosial şəbəkələrdə “SR Construction”, “İnvest M. Construction”, “Sipark inşaat” və “Karayev city” şirkətləri ilə bağlı şikayətlər çoxluq təşkil edir.

Xəbərlər