Cəmiyyət 1 Aprel 2022, 14:06 | Baxış sayı: 157
"Hamı mağazaya gedib müxtəlif məhsulların bahalaşdığını görür və şikayətlənir".

“Dünya bazarında ərzaq məhsullarının qiymətlərinin artması ilə bağlı hökumət əhalini məlumatlandırmalıdır”.

Bu sözləri millət vəkili Fazil Mustafa deyib.

O bildirib ki, dünya bazarında ərzaq məhsullarının qiyməti 25% artıb:

“Dünya bazarında ərzaq məhsullarının qiymətinin 25% artması ilə bağlı BMT-nin müvafiq qurumları məlumat veriblər. Lakin ölkəmizdə bu məsələ ilə bağlı əhalinin doğru məlumatlandırılması istiqamətində işlər aparılmır. Yəni hamı mağazaya gedib müxtəlif məhsulların bahalaşdığını görür və şikayətlənir. Hökumət bu istiqamətdə profilaktik aydınlanma işi aparmalıdır. Gündəlik dünya bazarından məlumat verməlidir ki, harada hansı məhsulların qiyməti qalxıb və bizdə bunun kompensasiyası necə olacaq, əməkhaqqının artırılmasına hansı istiqamətdə çalışılacaq ki, zəruri qida məhsullarının qiymətlərini müəyyən dərəcədə tənzimləmək mümkün olsun. Çünki dünya bazarında qiymətlər artmaqdadır. Bu, hökumətin siyasətinin yanlış, yaxud çevik olmamasından qaynaqlanan məsələ deyil. Lakin bilgiləndirmədə çeviklik olmayanda hamı bunu hökumətin yanlış addımı, nəzarət edə bilməməsi kimi anlayır”.

Milət vəkili alternativ taxıl mənbələrinin vacibliyini vurğulayıb:

“Taxıl artıq Rusiya və Ukraynadan gəlmir. Ona görə də biz alternativ yerlər axtarmalıyıq. Düzdür, Hindistan, Pakistan, Kanada kimi ölkələrdən taxıl almaq olar. Eyni zamanda, bahalşma olarsa, əməkhaqlarının artırılması istiqamətində addımlar atılmalıdır. Hansı sahələrdə bahalaşma olursa, vətəndaş tərəfindən alıcılıq qabiliyyəti nəzərə alınaraq, buna imkanı çatan həddə qədər hökumət büdcənin imkanlarına uyğun kompensasiyanı nəzərdə tutmalıdır. Ona görə də büdcəyə may ayında yenidən baxılacaq. Bu məsələlərdə cəmiyyətlə dəqiq, səmimi, açıq dialoq çox önəmlidir. Vətəndaş bilməlidir ki, əvvəl Rusiya və Ukraynadan bu qədər taxıl gəlirdi, amma indi gəlmir. Bu da qiymətə təsir edəcək. Eyni zamanda, kənd təsərrüfatında olan məsələləri nizama salmaq lazımdır. Torpaq sahələri ayrı-ayrı şəxslərin əlindədir. Bunları da icarəyə veriblər. İcarədar da bunu lazımi səviyyədə əkə və yüksək səviyyədə taxıl götürə bilmir. Çünki subsidiyanı sahibkar alır. Amma işləyən subsidiya almadığına görə, gübrənin də qiyməti 70-80 manata qalxıb deyə onu ala bilmir. Vaxtında gübrələnməyən sahədə məhsuldarlıq da lazımi səviyyədə olmur. Bu nəzarətsizliyin özündə də müəyyən nüanslar var. Bunları ortadan qaldırmaq lazımdır ki, heç olmazsa, taxıl ehtiyatını özümüz də müəyyən dərəcədə kompensasiya edə bilək”.

Xəbərlər