Cəmiyyət 20 Aprel 2022, 16:44 | Baxış sayı: 197
"Əhalinin maddi vəziyyətini də nəzərə alaraq, karantin cərimələrini ləğv etmək yaxşı olardı".

“Milli Məclisin iclasında karantin cərimələrinin silinməsi təklif olundu, mən də bu təklifi dəstəkləmişəm. Karantin rejiminin bu dərəcədə sərtləşməsinin, cərimələrin tətbiq olunmasının əsas səbəbi əhalinin pandemiyaya adaptasiya olunması və sağlamlıqlarının qorunmasına görə idi. Lakin buna artıq ehtiyac qalmayıb, əhali özü tam şəkildə adaptasiya olub. İctimai nəqliyyatda, qapalı məkanlarda maska taxmaq qadağası isə pandemiyanın sona çatdığı bir vaxtda lazımsızdır. Nəzərə almaq lazımdır ki, bu cərimələr, sadəcə olaraq, pandemiyaya uyğunlaşmaq və qaydalara əməl etmək üçün tətbiq edilmişdi. Ona görə də pandemiya şərtlərinin pozulmasına görə inzibati məsuliyyət tədbirləri tətbiq edilmiş şəxslər barəsində qanunverici hakimiyyət tərəfindən amnistiya qəbul edilə bilər”.

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.

Deputat qeyd edib ki, o, cərimələrin silinməsinin əks-effekt verəcəyinə inanmır: “Cəmiyyət pandemiya barədə tamamilə maariflənib və xəstəliyin fəsadları ilə tanışdır. Ona görə də əhalinin maddi vəziyyətini də nəzərə alaraq, cərimələri ləğv etmək yaxşı olardı. Əgər bu təklif bir il əvvəl müzakirə olunsaydı, mən də müəyyən mənada tərəddüd edərdim ki, insanlarda arxayınlıq yarada bilər. Lakin hazırki epidemioloji vəziyyətdə karantin qaydalarına heç bir tibbi zərurət yoxdur. Pandemiya şərtləri aradan qalxıb, qapanmalar aktuallığını itirib və vaksinasiya prosesi daha geniş miqyasda həyata keçirilibsə, karantin cərimələri niyə də aradan qaldırılmasın? Mənə görə, bu, daha doğru addım olardı”.

Xəbərlər