Cəmiyyət 19 İyun 2023, 15:21 | Baxış sayı: 79
"“Hacı” və yaxud “Hacı xanım” adları üçün Həccə gedənlər var”

Bu il Həcc ziyarətinin bir nəfərlik  qiyməti 5 750 ABŞ dolları (9775 AZN) təşkil edir. Bu ilki ziyarətdə 1440 azərbaycanlı zəvvar 8 təyyarə reysi ilə 17-21 iyun tarixlərində ziyarətə yola düşəcək. Azərbaycandan bu il Həcc ziyarəti üçün nəzərdə tutulan qiymətdə 669 manat artım olub. Belə ki, keçən il üçün ziyarət qiyməti 9 106 manat təyin edilmişdi. Bu il isə məbləğ 9 775 manat təşkil edir.

 

Hər il olduğu kim bu il də zəvvarların ziyarət üçün ödədikləri fantastik məbləğ böyük müzakirələrə səbəb olub. Demək olar ki, qiymətin bu dərəcədə baha olması ictimaiyyət arasında ajiotaja səbəb olub.

 

Bir qisim insan islamın vacib buyrulan 5-ci şərtinin yerinə yetirilməsində qeyri-adi bir hal görməsə də, digərləri bu qiymətə daha savab işlərin görülməsinin vacibliyini vurğulayıblar.

 

Bəs həqiqətdə bu necə yerinə yetirilməlidir? Bir dindar üçün hansı şərt daha vacibdir?

 

Məsələ ilə bağlı deputat Fazil Mustafa Ednews-a açıqlamasında bildirib ki, insanların inancları ilə bağlı haqlara girmək doğru deyil.

 

“İnsanların Həcc ziyarətinə getməsini sorğuluya bilmərik. Lakin ibadətlə yanaşı xeyriyyəçilik də olmalıdır. Amma insanın inancı buna yönəlibsə, onu tənqid və müzakirə etmək olmaz. Həcc ziyarəti İslamın şərtlərindən biridir. Lakin bu məcburi deyil. “Hacı” və yaxud “hacı xanım” adları üçün ziyarətə gedənlər var. Bəziləri isə təmiz niyyətlə ibadət edir. Məbləğ məsələsini qiymətləndirmək çətindir. Azərbaycan daxili ziyarət olmadığı üçün qiymətin artımına hər tərəfli baxmaq lazımdır. Gücü çatan insan ziyarətə getməlidir”.

 

Deputatın sözlərinə görə, büdcəsi az olan birisi burada da öz xeyir işlərini görə bilər.

 

“Adi istirahət üçün elə insanlar var ki, Türkiyə və ya Avropaya gedir eləsi də var ki, Azərbaycanın rayonlarına belə gedə bilmir. İndi Türkiyəyə gedəni qınaya bilmərik ki, niyə ora gedirsən? Hər il Həcc ziyarətinə gedənlər var. Amma hər il getmək zərurət deyil. İnanclı insan olduğu məkanda da ibadət edir. Çünki insanın olduğu hər yerdə Allah var. Əsas məqsəd Allahın buyurduqlarına əməl etməkdir. Hər məkanda Allaha ibadət etmək olur. Elə insanlar var ki, düşünürlər ki, istirahət etmək yerinə ibadətlə məşğul olsunlar. Bu da normal yanaşmadır. Fikrimcə, vacib əməlin birini bir dəfə yerinə yetirdinsə kifayətdir. Artıq digər xeyir əməllərə keçməlisən”.

Xəbərlər