Cəmiyyət 2 Mart 2023, 20:04 | Baxış sayı: 253
“Hacı Şahinin ölümü ciddi araşdırılmalıdır…”

“Hər bir insanın dünyasını dəyişməsi, həyatını itirməsi onun yaxınları üçün çox ağırdır, çətindir. Əlbəttə, Hacı Şahin Həsənlinin də dünyasını dəyişməsi Azərbaycan insanları, onu sevənlər, doğmaları üçün çox ağırdır. Hacı Şahin Azərbaycan gənclərinin milli-mənəvi dəyərlərimizə bağlı yetişməsi, Azərbaycanda dini dəyərlərin təbliği istiqamətində ciddi səy göstərən şəxslərdən biri idi. O, eyni zamanda dövlətə bağlılığı ilə, Azərbaycanın dövlət başçısının siyasətini dəstəkləməsi ilə seçilirdi və onun bu dəstəyi bir sıra hallarda birmənalı qarşılanmırdı. Hətta Hacı Şahinə qarşı müəyyən ittihamlar və iddialar səsləndirirdilər. Bütün bunlara baxmayaraq, Hacı Şahin Azərbaycanda milli-mənəvi dəyərlərin təbliğinə, dövlətlə münasibətlərin güclənməsinə töhfəsini verməyə çalışırdı…”

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin İctimai birliklər və dini məsələlər komitəsinin üzvü Ceyhun Məmmədov deyib.

 

Deputat bildirib ki, Hacı Şahin Həsənlinin qəfil ölümü bu gün Azərbaycan ictimaiyyətində, dindar kəsimdə çox ciddi narahatlıqla qarşılanıb: “Çünki onun ətrafında onu sevən, dəstəkləyən xeyli sayda insan var idi. Bu hadisə birmənalı olaraq dindar kəsimi narahat edir. Hacı Şahin ictimai fəal, din xadimi kimi ictimai verilişlərdə cəmiyyəti narahat edən məsələlərə də öz münasibətini, mövqeyini bildirən bir şəxs kimi tanınırdı, bilinirdi. Yaxınlarının verdiyi məlumata görə, o, qəflətən dünyasını dəyişib. Hesab edirəm, Hacı Şahinin dünyasını dəyişməsi hadisəsi çox ciddi şəkildə araşdırılmalı, öyrənilməlidir. Bu məsələ ilə bağlı rəsmi məlumatlar verilməli, açıqlanmalıdır ki, bu, sırf sağlamlıqla bağlı məsələdirmi, yoxsa burada hansısa təxribatdan söz gedə bilər-bilməz... Çünki qeyd etdiyimiz kimi, Hacı Şahinin Azərbaycan Prezidentinin, dövlətinin, siyasətini dəstəkləməsi bütün dairələrdə birmənalı qarşılanmırdı. Bu, baxımdan Hacı Şahinin ölümü ciddi araşdırılmalı, nəticəsi ictimaiyyətə açıqlanmalıdır”.

Xəbərlər